Milli Məclisin komitə iclasında “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olunur

Milli Məclisin komitə iclasında “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olunur Noyabrın 15-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilir.
Komitə sədri İsa Həbibbəyli gündəlikdəki məsələ barədə məlumat verib.
İclasda "Peşə təhsili haqqında" yeni qanun layihəsi müzakirə edilir.
İsa Həbibbəyli bildirib ki, yeni hazırlanan qanun beş fəsil, 26 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin müvafiq bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu sənəd təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqi və rifahını yüksəltmək məqsədilə müxtəlif növ və səviyyədə olan hazırlığının bütün formalarına şamil edilir.
Qeyd olunub ki, Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında” Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi peşə təhsili sahəsində vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnun təmin olunmasından, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən və təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Hikmət Əliyev


Oxşar xəbərlər