Qazaxıstanlı şagirdlərə Əlyazmalar İnstitutunda qorunan yazılı abidələr barədə məlumat verilib

Qazaxıstanlı şagirdlərə Əlyazmalar İnstitutunda qorunan yazılı abidələr barədə məlumat verilib Qazaxıstanın Çimkənd şəhərindəki Avrasiya Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
AMEA-dan Tehsil-press.az-a bildirilib ki, institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov şagirdlərə və onları müşayiət edən müəllimlərə elmi müəssisədə qorunan yazılı abidələr, onların mühafizəsi, bərpası, tədqiqi və nəşrə hazırlanması işi barədə ətraflı məlumat veriblər.
Daha sonra məktəblilər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə şagirdlərə burada Şərq mütəfəkkirlərinin mühafizə olunan ən mühüm əsərlərinin əlyazmaları, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Atakişiyeva isə Əlyazmalar İnstitutunun yerləşdiyi binanın tarixi barədə danışıb.
Sonda qrup rəhbərləri Aruna Koybakova və Qullazat Rustembekova ekspozisiya zalının xatirə kitabına ürək sözlərini yazıblar.

TEHSIL-PRESS.AZ

Oxşar xəbərlər