Media nümayəndələri direktorların işə qəbulu üzrə imtahanı izləyiblər

Media nümayəndələri direktorların işə qəbulu üzrə imtahanı izləyiblər Noyabrın 23-də ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu üzrə imtahanların keçirildiyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı tədris binasına mediatur təşkil olunub.
Media nümayəndələri direktorların işə qəbulu üzrə imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olublar.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib ki, 2018-2019-cu tədris ili üçün dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsində 1600-dən çox namizədin iştirakı nəzərdə tutulub. İndiyədək 943 namizəd bu mərhələdə iştirak edib. İmtahanda iştirak edənlərin 56 faizi kşilər, 44 faizi isə qadınlar olub. Ümumilikdə test imtahanları gün ərzində 4 dəfə keçirilir. Hər imtahanda 200-dən çox namizədin iştirakı təmin edilir. Gün ərzində 800-ə yaxın namizədin imtahnda iştirak etməsi üçün lazımi şərait yaradılıb. Namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur.
Xatırladaq ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumtəhsil müəssisələrində çalışan şəxslər iştirak edə bilərlər. Dövlət ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-dək vakant yer çıxarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər