Əflatun Amaşov: "Hər hansı bir qəzet iki min oxucuya çatmırsa..." - MÜSAHİBƏ

Əflatun Amaşov: Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qəzetlərə maliyyə dəstəyi ayırmaq üçün yeni şərtlərini açıqladı. KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır.
Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur. Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar mart ayının sonunda veriləcək.

Bu xəbərlər bəzi qəzetlərin tamamilə sıradan çıxması kimi təəssürat yaratdı.
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Fondun bu qərarının qəzetlərin bundan sonrakı fəaliyyətinə təsiri ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.
- Əflatun müəllim, bir neçə gündür Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yeni qərarı qəzetlərin bundan sonrakı fəaliyyətinin sual altında olması fikirlərini formalaşdırdı. Necə düşünürsünüz, bu qərar qəzetlərin bundan sonrakı fəaliyyətinə nə cür təsir edəcək?
- Bu xəbərlər cəmiyyətdə yanlış şərh olundu. Sanki Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qəzetləri bağlayır təəssüratı yaratdılar. Təbii ki, bu yanlış yanaşmadır. Çünki Fond yaranmamışdan əvvəl də qəzetlər mövcud idi, bundan sonra da fəaliyyətlərini davam etdirəcəklər. Qəzetlərin bağlanması qərarını redaksiyalar verə bilər. Bundan başqa qanunvericiliyin müəyyən tələbini pozduqları zaman məhkəmə qəzetlərin bağlanması barədə qərar qəbul edər. Bu isə çox nadir hallarda baş verə biləcək məsələdir. Burada əsas məsələ dünyada baş verən proseslərin Azərbaycan mediasına sirayət etməsi ilə bağlıdır. Çünki Azərbaycan mediası da dünya mediasının ayrılmaz tərkib hissəsidir. Dünyada bir neçə onillikdir ki, ictimai fikir daha çox internet üzərindən yayımlanan media, sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Artıq gənc nəsil informasiyanı telefonla almağı üstün tutur. Çünki harada olmağından asılı olmayaraq telefonla dünyanın hər yerindən məlumat almaq mümkündür. Düzdür, yaşlı nəsil hələ də qəzet oxumaq, onun qoxusunu hiss etmək istəyir. Bununla yanaşı həyatda tələblərin dəyişdiyini unutmamalıyıq. Artıq ictimai fikir yeni texnologiyalarla idarə edilir. İnsanlara qəzetlərə maraq göstərmir, bu da qəzet satışına təsir göstərir. Həmçinin reklam verənlər də daha çox onlayn mediaya maraq göstərir. Çünki baş verən olayları daha operativ, müfəssəl, dəqiq formada hansı üsulla yaymaq mümkündürsə, həmin yola üstünlük verilir. Hazırkı durumda bu üsul onlayn mediadır. Dünyada ən aparıcı qəzetlərin belə tirajları, abunələri aşağı düşür. Bir müddət sonra bəziləri sıradan çıxır, bəziləri isə davam etmək üçün müəyyən vasitələrdən istifadə edirlər, onlayn versiyalarını gücləndirirlər. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu proses müşahidə edilir.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu 10 ilə yaxındır fəaliyyət göstərir, təqribən medianın inkişafına 50 milyon manatdan çox vəsait ayrılıb. Kim bu vəsaitdən uğurla istifadə edib, qəzetlərinin keyfiyyətini, jurnalistlərinin peşəkar olmasına səy göstəribsə, həmin media qurumları qalacaq. Düzdür, qaydalar sərtləşib. Bununla yanaşı hər hansı bir qəzet iki min oxucuya çatmırsa, o, nə üçün çap edilməlidir, bu qədər işçi necə saxlanıla bilər?
- Dediniz ki, şərtlər bir az sərtləşib. Necə hesab edirsiniz hazırda çap olunan qəzetlərin neçəsi bu şərtlərə cavab verə biləcək?
- Nə qədər qəzetin bu şərtlərə uyğun gələcəyini deyə bilmərəm. Bu, çox həssas məsələdir. Dünyanın ən aparıcı qəzetləri belə onlayn versiyaya keçirlər. Burada müəyyən narahatedici məqamlar da var. Xüsusən, texniki işçilər onlayn versiyaya keçəndən sonra işlə təminatı həssas məsələdir. Lakin bir tərəfdən də dövrün tələbinə görə həm oxucu üçün informasiyanı alacağı, həm də informasiyası yayılan üçün media qurumunun fərqi yoxdur. Əsas məsələ informasiyanın dəqiq olması və daha çox oxucuya çatmasıdır. Onlayn versiyalar bu baxımdan daha üstündür. Lakin bu qəzetlərin vaxtı keçdiyi anlamına gəlməməlidir. Nə qədər “media” ifadəsi var, qəzetlər var olacaq. Çünki qəzet tarix, salnamə, sənəddir. Onlayn vasitənin arxivi bir anda silinə bilər. Amma qəzet daha uzun ömürlüdür. Hər bir qəzetdə dövrün qoxusu, ab-havası var. Fikrimcə, Azərbaycanda 40-a yaxın yox, 10-15 gündəlik qəzetin olması daha yaxşıdır. ABŞ-da bütün ölkə üçün cəmi 5, Böyük Britaniyada 10-a yaxın qəzet yayılır. Düzdür, sahə üzrə qəzetlər var. Bu gün isə qoyulan tələbələrə cavab verənlər qalacaqlar.
- Sadəcə qalmaq kifayətdirmi? Yəqin ki, dizayn, keyfiyyət baxımdan inkişaf etməlidirlər.
- Əlbəttə, inkişaf etməlidirlər. Ümumiyyətlə, Azərbaycanda qəzetlər rəng, dizayn, həcm baxımdan dəyişməlidir. Qəzet qalın olmalıdır. Peşəkarlıqda da bu dəyişiklik hiss olunmalıdır. Qəzet yalnız siyasi hadisələri işıqlandırmamalıdır. Onun səhifələrində evdar qadından tutmuş alimə qədər hər kəs öz maraq dairəsinə uyğun yazı tapmalıdır. Çünki oxucu özünə maraqlı olan yazı görməsə, qəzet evə gəlsə, belə onu oxumayacaq. Eləcə də ölkədəki ictimai-siyasi vəziyyət düzgün işıqlandırılmırsa, oxucu həmin qəzeti ən yaxşı halda bir dəfə ala bilər. Başqa ölkələrdə hər bir qəzetin öz siması var. Məsələn, Böyük Britaniyada “Brexit hadisəsi” zamanı “Financial Times” və ya “Guardian”ın hansı mövqeli yazılar yazacağı oxucuya məlumdur. Qəzetlər istər mövzu, istər hadisələrə yanaşma baxımdan bir-birindən fərqlənməlidir.
- Bu gün qəzetlərin əksəriyyəti saytlardakı xəbərləri “kopiyalamaq”la məşğuldur.
- Əlbəttə, axşam internetdə oxuduğu materialı, səhər qəzetdə oxumaq oxucunu itələyir. Bunu edənlər özlərinə haqq qazandırır, amma doğru yanaşma deyil. Peşəkarlıq yüksək olduğu zaman oxucunu cəlb etmək mümküdür. Qəzetlərdə abunə məsələsi vacibdir. Həmçinin bir vaxtlar qəzetlərdə oxucularla görüş ənənəsi var idi. Son zamanlar bu ənənə itib. Qəzetlərin öz missiyası var. Onun funksiyası oxucuları ən son informasiya ilə təmin etmək deyil. Qəzetin əsas missiyası analitik, insanları düşündürən yazılar hazırlamaqdır.
- Qəzetlərə yeni şərtlərlə maliyyə dəstəyinin verilməsinə mart ayından başlanacaq. Necə düşünürsünüz, hazırda bu tələbələrə uyğun gəlməyən qəzetlər hansı addım atmalıdır? Bu addımlar təsirli ola bilərmi?
- Bu az vaxtda nə etmək olar? Əvvəldən vəziyyət necədirsə, onun üzərində qalacaqlar.
- Qəzet kimi fəaliyyəti tələbələrə cavab verməyənlər onlayn mediaya keçid edə bilərlər. Onlayn mediaya dəstək məsələsini də zaman-zaman gündəmə gətirirsiniz. Hazırda işlər hansı mərhələdədir?
- Onlayn mediaya dəstək olacaq. Bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var. Fikrimcə, onlayn media ilə bağlı ayrıca bir qanun olmalıdır. Artıq biz bu istiqamətdə işlər aparırıq. Bu qanun onlayn medianın fəaliyyətini tənzimlənəcək. Kütləvi İnformasiya Vasitələri, Televiziya və Radio Yayımı, eləcə də İctimai televiziya haqqında qanun olduğu kimi onlayn media ilə bağlı da qanun hazırlanmalıdır. Çünki onlayn jurnalistika digərlərindən fərqlidir.

Gülxar

Oxşar xəbərlər