Dövlət İmtahan Mərkəzində fənlər üzrə elmi-metodik seminarlar keçirilib

Dövlət İmtahan Mərkəzində fənlər üzrə elmi-metodik seminarlar keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının 4 və 5-ci dərsləri keçirilib.
Moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
İngilis dili fənni üzrə elmi-metodik seminarda Xəzər Universitetinin müəllimi Ceyhun Kərimov və Bakı Avropa Liseyinin müəllimi İradə Səmədova 8 və 9-cu sinif “English” dərsliklərinin məzmunu barədə, ADA-nın ingilis dili proqramı üzrə meneceri Könül Heydərova isə “Listen to undestand” adlı təqdimatlarla çıxış ediblər.
Azərbaycan dili fənnindən keçirilən seminarda Səlminaz Hüseynovanın, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin müəllimi Afət Xəlilovanın və BDU-nun müəllimi Təranə İsmayılovanın 9-11-ci sinif “Azərbaycan dili” dərsliklərinin məzmunu haqqında təqdimatları olub.
Kimya fənni üzrə seminarda AMEA-nın əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Səidə Hüseynova 10-cu sinif, AMEA-nın aparıcı elmi işçisi Telman Güləliyev isə 11-ci sinif “Kimya” dərsliklərinin məzmunu haqqında məlumat verib.
Fizika fənnindən keçirilən seminarda AMEA-nın əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Vahid Tanrıverdiyevin 9-cu sinif “Fizika” dərsliyinin məzmunu haqqında təqdimat edib.
Ədəbiyyat (rus bölməsi) fənni üzrə seminarda Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 10-cu sinif “Литература” dərsliyinin məzmunu haqqında məlumat verib.
Biologiya fənnindən keçirilən seminarda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, biologiya elmləri namizədi Fuad Ağayev 8-ci sinif “Biologiya” dərsliyinin məzmunundan danışıb.
Tarix fənni üzrə seminarda Avropa Azərbaycan Məktəbinin müəllimi Hafiz Cabbarov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Faiq Babayev 9 və 11-ci sinif “Ümumi tarix” dərsliklərinin məzmununun müqayisəli təhlili, dərsliklərin rus dilinə tərcüməsindəki uyğunsuzluqlar haqqında təqdimatlarla çıxış ediblər.
Coğrafiya fənni üzrə seminarda Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova “Coğrafiya” dərslikləri üzrə “Litosfer” bölməsinin məzmunundan danışıb.
Riyaziyyat fənnindən keçirilən seminarda 7-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Əlican Namazov təqdimat edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.

DİM-in Mətbuat Xidməti



Oxşar xəbərlər