Dövlət İmtahan Mərkəzi Şirvanda elmi-metodik seminarlar təşkil edib

Dövlət İmtahan Mərkəzi Şirvanda elmi-metodik seminarlar təşkil edib Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında Şirvanda elmi-metodik seminarlar keçirib.
Plenar iclas və seminarlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayonlarının müvafiq fənn müəllimləri, metodistlər, məktəb direktorları, təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.
Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimatla çıxış edib. Məleykə Abbaszadə, həmçinin DİM-in yeni layihələri və imtahanların modelləri haqqında məlumat verib.
DİM-in şöbə müdiri Afiqə Batıyeva ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında danışıb.
Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev buraxılış və qəbul imtahanlarında mənimsəmə səviyyəsi yoxlanıla biləcək altstandartlar, proqram haqqında məlumat verərək yeni tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.
İngilis dili fənni üzrə seminarda isə Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə seminarın rəhbəri Şəhla Musayeva qeyd olunan məsələlər haqqında təqdimat edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DİM-in Mətbuat Xidməti


Oxşar xəbərlər