ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb

ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb Azərbaycan Dillər Universiteti (ADU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb.
Memorandum Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşaraq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.
Rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu deyib və vacib hadisənin baş tutduğunu diqqətə çatdırıb: “Cənab Prezident İlham Əliyev və Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bir sıra türk xalqlarının mədəniyyəti, tarixi, mənəvi aləmi ilə məşğul olur. Onun da sədri Günay xanım Əfəndiyeva mənim çoxdan tanıdığım ləyaqətli Azərbaycan ziyalısıdır. Bu gün qarşılıqlı razılaşma ilə anlaşma memorandumu imzalayacağıq. Fondun bu gün Azərbaycanda və xarici ölkələrdə gördüyü çox ciddi işlər var, çox maraqlı layihələr həyata keçirir. Bu görülən işlərdə də universitetimizin potensialından da istifadə etmək məqsədəuyğun olardı. Bilirsiniz ki, biz artıq yalnız xarici ölkə universitetləri ilə deyil, eyni zamanda Azərbaycan daxilindəki universitetlər və qurumlarla rəsmiləşdirməyə çalışırıq. Mən bu memorandumla bağlı universitetimizin müəllim heyətinin, eyni zamanda tələbələrinin qarşısında duran perspektivləri artıq indidən görürəm”.
G.Əfəndiyeva Azərbaycanın ən nüfuzlu universitetlərindən biri olan ADU ilə anlaşma memorandumunun imzalanmasından şad olduğunu deyib: “Həqiqətən də universitetin geniş potensialı var. Deyə bilərəm ki, birgə gözəl əməkdaşlıq edəcəyik. Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”. O, Azərbaycanın türk dünyasına inteqrasiyasında, türkdilli ölkələrlə əlaqələrin genişləndirilməsində türk dünyasının böyük oğlu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük rolu olduğunu söyləyib. G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun
yaranması, fəaliyyəti və məqsədi, eyni zamanda həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədi ilə konfrans, seminar, sərgi və bu kimi tədbirlərin birgə keçirilməsi, ADU-nun sonuncu kurs bakalavr və magistr tələbələri üçün Fondda 1-3 aylıq istehsalat təcrübəsinin təşkili və sertifikatların təqdim olunması, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan və tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, türk dünyasının zəngin mədəniyyəti və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair Fondun müvafiq sənədlərinin və elmi tədqiqatların ADU tərəfindən tərcümə edilməsi və birgə nəşrlərin çap olunması, ADU-da Fondun himayəsində Türk dünyası elmi tədqiqat və araşdırmalar mərkəzinin yaradılması sahələri üzrə əməkdaşlıq nəzərdə tutulub.

ADU-nun Mətbuat Xidməti


ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb

ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb

ADU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb

Oxşar xəbərlər