“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda görüş keçirilib

“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda görüş keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin daha yaxşı təşkilinin təmin edilməsindən ibarətdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanda ictimai, siyasi və dini sabitliyin hökm sürdüyünü bildirib. Sədr müavini gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması üçün aparılan maarifləndirmə işlərindən danışıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda təqdimatla çıxış edib.
BŞTİ-nin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, paytaxt məktəblərində müvafiq tədbirlərin keçirildiyini bildirib.
İdarə müdiri gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini vurğulayıb.

BŞTİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər