Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanılır

Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanılır Mayın 1-dən ümumtəhsil müəssisələrinin tədrisin digər dildə aparıldığı bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbul üçün məktəb seçiminə başlanılır.
Bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq sənədləri məktəbə təqdim edə bilərlər.
Tədrisin digər dildə aparıldığı bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.
Tədrisin digər dildə aparıldığı bölmə üzrə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinin cavablandırılması üçün aprelin 15-dən Apellyasiya komissiyası fəaliyyət göstərir. Müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Tehsil-press.az

Oxşar xəbərlər