Birinci sinfə şagird qəbulu ilə əlaqədar Apellyasiya Komissiyası fəaliyyətə başlayır

Birinci sinfə şagird qəbulu ilə əlaqədar Apellyasiya Komissiyası fəaliyyətə başlayır Aprelin 15-dən 2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin I sinfə elektron şagird qəbulu ilə əlaqədar yaranan mübahisəli məsələlərin həlli ilə bağlı müraciətləri qeydə alınmış vətəndaşların cavablandırılması üçün Apellyasiya Komissiyası fəaliyyətə başlayır.
Apellyasiya Komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdir.
Komissiya paytaxtdakı 42 nömrəli tam orta məktəbdə (Ünvan: Akademik Mirqasımov küçəsi 6) təşkil edilir.
Müraciətlərin qəbulu və baxılması həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

BŞTİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər