“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət qurumu olan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Xalid Ərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ-nin rektoru Ceyhun Məmmədov mərkəzin rəhbəri Xalid Ərənə bu səfərin iki qurum arasında əlaqələrin daha da inkişafına səbəb olacağını deyib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ceyhun Məmmədov Bakıda keçiriləcək “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun təşkilinə göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib və tədbirin əhəmiyyətini vurğulayıb.
IRCICA-nın baş direktoru Xalid Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib addım kimi dəyərləndirib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirib.
Daha sonra iki qurum arasında anlaşma memorandumu imzalanıb.
Sənəddə iyulun 11-də və 12-də “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun təşkil olunması ilə əlaqədar müddəalar əksini tapıb.
Simpozium IRCICA-nın, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun və AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Beynəlxalq simpoziumda “İslam ənənələrinin Azərbaycanda möhkəmlənməsində və müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzularında məruzələr dinləniləcək. Həmçinin “İslamın Qafqazda yayılması”, “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “İslam mədəniyyətinin Qafqaz xalqlarının adət-ənənələrinə təsiri”, “İslam memarlığı Qafqazda”, “Qafqazda İslam incəsənəti və ədəbiyyatı” mövzularında müzakirələr aparılacaq.
Simpoziumda “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafındakı rolu”, “Qafqazda dini və ictimai-mədəni həyatın müxtəlif aspektləri”, “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış tarixi və mədəni irsi: bu irsin qorunması və dünya miqyasında tanıdılması üçün akademik araşdırmalar” mövzularının müzakirəsi də nəzərdə tutulur.

Aİİ-nin Mətbuat Xidməti


“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

Oxşar xəbərlər