Mədəniyyətlərarası Dialoq Forumunda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə olunub

Mədəniyyətlərarası Dialoq Forumunda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə olunub Mədəniyyətlərarası dialoq bu gün dünyanın aktual problemlərindən biridir. Çünki multikultural yanaşma və tolerantlıq qloballaşan bəşəriyyətin mövcud olmasının yeganə yoludur. Dünyanın bütün sosial problemləri kimi, mədəniyyət məsələsi də getdikcə daha çox qloballaşır və mədəniyyətlərin inteqrasiyası baş verir. Təbii ki, belə bir şəraitdə əlahiddə yaşamaq, öz milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür.
Azərbaycan bu gün multikultural mühitin ən bariz nümunəsidir. Multikulturalizm bizim üçün həyat tərzidir. Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin yanaşı yaşadığı bir məkan olub. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Bu fikirləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova söyləyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilir. Ümumdünya inteqrasiya prosesinin gələcəyini uzaqgörənliklə nəzərə alan ölkə rəhbərliyinin seçdiyi bu strateji xətt sayəsində Azərbaycan dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilib. Mayın 2-3-də Bakıda təşkil edilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan böyük əhəmiyyət kəsb edir. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilmiş Forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup professor-müəllim heyəti də iştirak edib. Forum Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqun aparılmasında müxtəlif sivilizasiyaların, cəmiyyətlərin üzərinə böyük öhdəlik və vəzifələr qoydu. Forumda Prezident İlham Əliyevin dərin məzmunlu nitqi iştirakçıların böyük marağına səbəb oldu. Ölkə Prezidenti Azərbaycan tarixinin inkişaf mərhələlərində müxtəlif mədəniyyətlərin, etnik qrupların və din nümayəndələrinin birgə yaşayıb-yaratdığı mühitdən söhbət açaraq belə forumların keçirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdi.
Forumda çıxış edən qonaqlar dünyada baş verən münaqişələr, terrorizmdən qorunmaq üçün beynəlxalq təşkilatların rolu, sülhün bütün dünyada bərqərar olması üçün müntəzəm səylərin həyata keçirilməsi kimi mühüm problemləri müzakirə etdilər. Qeyd edildi ki, belə forumlar yeni ideyalar və yanaşmalar ortaya qoymaqla mədəniyyət və dinlərarası münasibətlərin obyektiv qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Forumda Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın Dağlıq Qarabağ regionunu və 7 ətraf rayonunu işğal etməsi faktı bir daha dünya ictimaiyyətinə çatdırıldı.
Beləliklə, Bakıda müasir dünyanı narahat edən aktual məsələlər beynəlxalq aspektdə müzakirə olundu və Azərbaycandan dünyaya ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq qurmaq çağırışı bir daha inamla səsləndi.

Tehsil-press.az



Oxşar xəbərlər