Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək

Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də Almaniyaya səfərə yola düşür.
Səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi fəaliyyət göstərən «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə təşkilatçılıqda noyabrın 19-da Berlin şəhərində keçirəcəyi «Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycanda Multikulturalizm və İslam Həmrəyliyi illərinin elan olunmasının ardınca, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin 10 illiyi münasibətilə tədbirlərin davamı olaraq keçiriləcək Berlin Beynəlxalq Konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.
Berlin Konfransında Almaniya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, «Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi»nin Himayədarlar və Məşvərət Şuralarının üzvləri, Konfransda təmsil olunan iştirakçıların Almaniyada akkreditə olunmuş səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin - ümumilikdə dünyanın 40-a yaxın ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri daxildirlər.
Almaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Almaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər