Ceyhun Məmmədov: Məqsədimiz İslam və digər dinləri dərindən bilən ilahiyyatçı kadrlar hazırlamaqdır

Ceyhun Məmmədov: Məqsədimiz İslam və digər dinləri dərindən bilən ilahiyyatçı kadrlar hazırlamaqdır Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) bir il ərzində ölkədə din təhsili sahəsində xeyli iş görüb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasını təmin etməkdir. Ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı institutun rektoru Ceyhun Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb.
-Ceyhun müəllim, ötən bir il nələrlə yadda qaldı?
-İlk gündən etibarən institutun fəaliyyətinin təşkili istiqamətində tədbirlər həyata keçirməyə başladıq. Vaxtımızın məhdudluğuna baxmayaraq, tədris ilinin başlanmasına qədər, demək olar, tədrisə aid bir çox məsələləri həll etdik. İnstitutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, institutun tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü işlər gördük.
Aİİ-nin mövcud ali təhsil müəssisələri ilə əməkdaşlığının sağlam təməli quruldu. İnstitut kollektivinin hər bir üzvünü şəffaf şəkildə müsabiqə yolu ilə seçdik. Bütün əməkdaşlar tutduqları vəzifələri öz qabiliyyətləri, istedadları və peşəkarlıqları ilə qazandılar.
Ali təhsil müəssisəsi olaraq pedaqoji heyətin seçiminə xüsusi diqqətlə yanaşdıq, yeni kadrların işə qəbulunu komissiyaya həvalə etdik. Üç mərhələdə reallaşan seçimin ilkin mərhələsində komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirildi. Bu mərhələdən keçənlər müsahibəyə çağırıldı, müvəffəq olanlar sınaq (demo) dərslərinə cəlb edildilər. Komissiya üzvləri və müəllimlərin iştirakı ilə yekun olaraq işə qəbulla bağlı həlledici qərarlar verildi.
Aİİ 2018/2019-cu tədris ilində ilk dəfə tələbə qəbulu həyata keçirdi. Qəbul Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III qrup üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçirildi. Ötən tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri 100 faiz doldu, islamşünaslıq ixtisası üzrə 35, dinşünaslığa isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent tələbə sıralarına qəbul edildi. Hazırda institutda ümumilikdə 109 tələbə təhsil alır.
İnstitutumuzda magistratura və doktorantura pillələrinə də qəbul aparılır.
Tədris olunan fənlər yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Keyfiyyəti artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitə və metodlarından istifadə olunur, prosesin təkmilləşdirilməsi istiqamətləri təhsil strategiyasının tələblərinə uyğun seçilir.
-Son dövrlərdə institut xarici əlaqələrini genişləndirir...
-İnstitut fəaliyyətə başladığı ilk gündən xarici əlaqələrin qurulmasına xüsusi önəm veririk. Hədəfimiz tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetlərinin təcrübəsindən yararlanaraq, institutu beynəlxalq aləmdə nüfuzlu ali təhsil müəssisələri sırasına daxil etməkdir.
Bu məqsədlə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə ezamiyyətlər təşkil etdik. Səfərlərin nəticəsi olaraq Aİİ bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzaladı. Bu sıraya Türkiyənin Ankara, İstanbul, Mərmərə, “29 Mayıs”, Kırıkkale universitetləri, Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu, Omsk Dövlət Universiteti, Moskva İslam İnstitutu ilə imzalanmış protokollar daxildir.
Ötən bir il müddətində müxtəlif ölkə səfirliklərinin nümayəndələri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın yaradılması, elmi-təcrübi mübadilə aparılması, birgə beynəlxalq elmi konfransların keçirilməsi və digər məsələlər müzakirə olundu, bir sıra qərarlar qəbul edildi.
-Tələbələrin inkişafı istiqamətində hansı sosial layihələri həyata keçirirsiniz?
-Tələbələrimizin təhsillə yanaşı, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə cəlb olunması istiqamətində də iş aparırıq. Bütün bunlar tələbələrimizin daha dərin dini və dünyəvi biliklərə malik olması, onların mənəvi dünyasının, dünyagörüşlərinin zənginləşdirilməsi, natiq kimi yetişmələri üçündür. Bölgələrimizə səfərlərdə tələbələrimiz tarixi-dini abidələr haqqında məlumat əldə edir, bu barədə müzakirələr aparırlar.
-Maarifləndirmə istiqamətində hansı işlər görülür?
-Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görülüb. İnstitutda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, dəyirmi masalar, elmi konfranslar təşkil olunub. Cəmiyyətin məlumatlandırılmasına xidmət edən bu tədbirlərdə dinə, dövlət-din münasibətlərinə, Azərbaycanda mövcud olan dini-mənəvi mühitə müxtəlif aspektlərdən yanaşan fərqli mövzular gündəmə gətirilib.
-Tez-tez bölgələrə səfərləriniz olur. Məqsəd?
-Səfərlərin əsas məqsədi respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirləri keçirməklə 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunmasıdır. Bu günədək Lənkəran, Gəncə, Bərdə, Ağstafa, Qazax, Qəbələ, Quba və Zaqatala rayonlarında abituriyentlərə institutumuzda tələbələr üçün yaradılan şəraitlə bağlı məlumatlar verdik.
Səfərlər çərçivəsində bölgələrdə bir sıra görüşlər keçirdik. Görüşlər, əsasən, universitetlərdə, kolleclərdə oldu. Məqsədimiz təkcə dünya ölkələrinin universitetləri ilə deyil, həmçinin yerli ali təhsil müəssisələri ilə əlaqələr yaratmaqdır.
-İnstitutun ictimaiyyətlə əlaqələri necə qurulub?
-İnstitut fəaliyyətini ictimaiyyətə açıq formada təşkil edib. Tədrisə başladıqdan 1 ay sonra mətbuat konfransı keçirdik və Aİİ-nin fəaliyyəti haqqında geniş məlumat verdik. Onların dərslərdə iştirakını, tədrisin hansı formada aparılmasının canlı şahidi olmalarını təmin etdik.
Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, institut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, əməkdaşların və təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi üçün təkliflərin verilməsi məqsədilə İctimai Nəzarət Şurası, Himayəçilər Şurası yaratdıq.
-İnstitutun nəşrləri də var...
-İldə iki dəfə nəşri nəzərdə tutulmuş “Din araşdırmaları” elmi jurnalı, həmçinin aylıq “İlahiyyatçı” qəzetini çap edirik. Aİİ-nin tanıdılması üçün Azərbaycan dilində kataloq, Azərbaycan, ingilis, rus və ərəb dillərində buklet və broşürlər nəşr etmişik. İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu”nu hazırlamışıq.
Müəllimlərimiz yeni dərs proqramları və dərsliklər üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanmasını qərara almışıq. Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, buraya müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.
Eyni zamanda, ilahiyyat sahəsindəki problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirmək istəyirik.
-İlahiyyat İnstitutunun məzunlarının işlə təmin olunması sahəsində hansı işlər görülür?
-Aİİ-nin məzunlarının dövlət qulluqçusu olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında işləmək, elmi-tədqiqat və ali təhsil müəssisələrində tədqiqatçı, pedaqoq, Qafqaz Müsəlmanları İdarəsində isə din xadimi kimi məscidlərdə, ibadət ocaqlarında dini maarifləndirmə işi ilə məşğul olmaq imkanları olacaq.
Biz gələcəkdə Karyera Mərkəzinin açılmasını da nəzərdə tuturuq. Hazırda bu istiqamətdə işlər gedir. Mərkəz gələcəyin intellektual kapitalının yetişdirilməsində tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verməklə, onları iş dünyasına hazırlamaq məqsədi daşıyır. Mərkəz, həmçinin bir sıra qurumlarla əlaqələr yaratmağı, könüllülük proqramı vasitəsilə məzunlarımızın iş imkanlarını artırmağı planlaşdırır.
-İnstitutun gələcək fəaliyyət istiqamətləri, hədəfləri haqqında məlumat verməyinizi istərdik...
-Bizim məqsədimiz Azərbaycanın din sahəsində yüksək ixtisaslı kadrlara tələbatını beynəlxalq standartlara əsaslanaraq təmin etmək, həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaqdır.
İnstitutda tədrisi beynəlxalq standartlara uyğun təkmilləşdirmək üçün dünya ölkələrində ilahiyyat sahəsində ixtisaslaşmış institut və fakültələrə ezamiyyətləri davam etdirmək istəyirik. Həmçinin tələbələrimizin intellektual səviyyəsinin, dünyagörüşünün, mənəvi dünyasının zənginləşdirilməsi, onların nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürünün formalaşması istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsini nəzərdə tuturuq.
Çalışırıq ki, fəaliyyətimizdə milli, dini və əxlaqi dəyərləri qoruyaq, Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəmizi verək.
-Məzmunlu müsahibə üçün təşəkkür edirik.

Tehsil-press.az



Oxşar xəbərlər