İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edilir

İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edilir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) islamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir.
Üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər islamşünaslıq ixtisasına qəbul olunmaq üçün avqustun 15-16-da Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Yüksəkixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, yunan, sanskrit, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər 4 inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, İlahiyyat İnstitutu tələbələrinə beynəlxalq mübadilə proqramları (“Erasmus”, “Mevlana” və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq. Tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına malikdirlər. Kitabxanada kompüterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatının maksimum təminatı üçün açıq rəf sistemi mövcuddur. İlahiyyat İnstitutu islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə məzun olacaq tələbələrin işlə təminatına şərait yaradacaq. İnstitutun məzunları dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə biləcəklər. Bununla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.
İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dini-psixoloji komissiyada müsahibədən keçməlidirlər. DİM-in yaratdığı dini-psixoloji komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və institutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı, habelə abituriyentlərin ümumi dünyagörüşləri və dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək.
Qeyd edək ki, DİM valideynlərin və abituriyentlərin çoxsaylı müraciətlərini nəzərə alaraq İlahiyyat İnstitutuna minimum keçid balını 150 bala endirib.

Tehsil-press.az

Oxşar xəbərlər