Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Gəncə Dövlət Universitetində olub

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Gəncə Dövlət Universitetində olub Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali məktəbə yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun kollektivinin növbəti səfəri Gəncə şəhərinə olub. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və institutun əməkdaşları Gəncə Dövlət Universitetində (GDU) və “İmamzadə” dini kompleksində olublar.
Gəncə Dövlət Universitetində keçirilən görüşdə bu ali məktəbin rektoru, professor Yusif Yusibov qonaqlara GDU-da təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. O, Aİİ ilə GDU arasında əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını bildirib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov rəhbərlik etdiyi institutla GDU arasında əlaqələrin yaradılmasında maraqlı olduğunu söyləyib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.
Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübə mübadiləsi, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkili, iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları, yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.
Sonra “İmamzadə” dini kompleksini ziyarət edən C.Məmmədov və Aİİ-nin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə təmir və bərpa olunan komplekslə yaxından tanış olublar. Bildirilib ki, VIII əsrə aid tarixi memarlıq abidəsi, xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Mətbuat Xidməti



Oxşar xəbərlər