Dilçilik İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Dilçilik İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb Mingəçevir Dövlət Universitetində “Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində dil amili” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə Te-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.
Konfransı giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açaraq rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq elmi-praktik konfransların, müxtəlif istiqamətlər üzrə elmi sessiyaların keçirildiyini, yubileylərin qeyd olunduğunu, bu cür tədbirlərin yeni layihələr, gələcək fəaliyyət üçün zəmin hazırladığını, yeni ideyalar doğurduğunu söyləyib. Akif Hacıyev müasir dövrün tələbləri qarşısında ölkəmizdə elm və təhsil sahəsində də innovativ metodların tətbiqinin, təhsil imkanlarının və elmi tədqiqatların üzvi surətdə vəhdətinin vacib olduğunu qeyd edib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan Respublikasında dövlət dili siyasəti, dil situasiyası, müxtəlif sahələrdə olduğu kimi, dilçilik sahəsində də elmi yeniliklərin tətbiqi haqqında məruzə ilə çıxış edib. O, regionlarda fəaliyyət göstərən təhsil ocaqları ilə bu cür görüşlərin gələcək əməkdaşlıq üçün zəmin yaratdığını söyləyib. Akademik Dilçilik İnstitutunun tarixi, Azərbaycan dilçilik elminin inkişafı barədə də qısa məlumat verərək, bu sahənin müasir vəziyyətindən, dövlətin dilə olan qayğısından, hər bir vətəndaşın ana dilinə göstərməli olduğu diqqət və sevgidən bəhs edib.
Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli dilçiliyin yeni sahələrindən, lüğətçiliyin müasir vəziyyətindən, yeni lüğətlərin tərtibi prinsiplərindən danışıb. Məruzəçi müasir dövrdə dilin lüğət terminoloji sistemində baş verən dəyişmələrin səbəblərini şərh edərək, yeni sözlərin lüğətə salınması qaydalarından, lüğətlərin yaradılmasında müəyyənləşmiş standartlar, bu sahədə dövlət siyasəti barədə geniş məlumat verib.
Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının müddəalarının yerinə yetirilməsi və bu sahədə aparılan monitorinqlərdən danışıb. Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra vəzifələr, KİV-lərdə və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi və s. ilə əlaqədar olaraq institutda keçirilən dəyirmi masalar, konfrans və maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan S.Əliyeva bir sıra televiziyalarda, o cümlədən region televiziyalarında aparıcılar üçün keçirilən treninqlərin uğurlu nəticələrini diqqətə çatdırıb.
Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva təhsil imkanlarının və elmi tədqiqat işlərini dünya standartları səviyyəsinə çatdırmaq üçün yerli və beynəlxalq əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edib. Həmçinin elm və təhsilin vəhdəti, yeni təhsil strategiyasında fundamental elmlərin tədrisinin əhəmiyyəti, müasir elmi biliklərin əldə olunmasında dünyanın qabaqcıl təcrübəsindən yararlanmağın yolları, yeni təhsil modellərindən söz açıb. O, AMEA-da magistr təhsilinin 2015-ci ildən fəaliyyət göstərdiyini xatırladaraq, universitet tələbələrini akademiyanın institutlarında magistr və doktorantura pilləsi üzrə təhsil almağa dəvət edib.
Müzakirə və diskussiya şəraitində keçən panel-seminarlarda universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova, həmin kafedranın dosenti Namaz Manafov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, universitetin təcrübəli müəllimləri Maarifə Namazova, Səbinə Novruzova, Pərvin Hüseynova, eləcə də magistrantlar məruzələrlə çıxış edib, elm və təhsilin inteqrasiyası, Azərbaycan dilinin ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni metodlarla, innovativ üsullarla tədrisi, dilçilik elminin aktual problemləri və s. məsələlərlə bağlı müzakirələr aparıblar.
Tədbirdə institut və universitet arasında əməkdaşlığın möhkəmləndirilməsi planlarından danışılıb, təkliflər verilib, müxtəlif istiqamətlər üzrə gələcəkdə birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Dilçilik İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər