Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib

Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İclasda çıxış edən direktor, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında aparıldığını söyləyib.
Sonra institutun şöbə müdirləri, həmkarlar təşkilatının və gənc alimlər şurasının rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.
Çıxışlarda institutda keçirilən konfrans, sessiya, seminar və yubileylər haqqında məlumat verilib. Bildirilib ki, institutun əməkdaşları Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən konfranslarda fəal iştirak edirlər. Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap olunub.
Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, Azərbaycan dövləti türkoloji məsələlərə böyük dəyər verir. İnstitutun türk dilləri şöbəsində iki dildə tərcümə lüğətləri (Azərbaycanca-uyğurca), üçdilli danışıq kitabçaları (Azərbaycanca-özbəkcə-rusca , Azərbaycanca-tatarca-rusca) və “Türk dilinin fonetika”sı kitabı çapa hazırlanır.
İclasda hesabatlar ətrafında müzakirələr aparılıb, bir sıra cari məsələlərə baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər