İsa Həbibbəyli: Yeni yaradılmış portal Azərbaycan dili barədə məlumatların əldə edilməsinə imkan verəcək

İsa Həbibbəyli: Yeni yaradılmış portal Azərbaycan dili barədə məlumatların əldə edilməsinə imkan verəcək Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - “www.azerbaycandili.az portalının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli portalın böyük əhəmiyyətə malik olduğunu söyləyib. Akademik qeyd edib ki, bu informasiya bazası Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, üç dildə fəaliyyət göstərəcək veb-resurs vasitəsilə Azərbaycan dilinin tarixi, inkişaf yolu, qrammatikası, müasir vəziyyəti, problemləri barədə ətraflı məlumat əldə etmək mümkün olacaq. Portal dünyada Azərbaycan dilinin tanınması və nüfuzunun artırılması, onun dünya dilçilik mərkəzlərində təmsil olunması istiqamətində böyük rol oynayacaq.
İ.Həbibbəyli Dilçilik İnstitutunda dilimizin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, monitorinq şöbəsinin yaradıldığını da diqqətə çatdırıb.
Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən, qəbul etdiyi fərman və sərəncamlardan danışıb. Alim yeni informasiya bazasında dilçiliyin inkişafı ilə bağlı aparılan elmi tədqiqatların, AXC və müstəqillik dövründə dövlət dili ilə bağlı qəbul edilmiş qanunların əksini tapacağını qeyd edib.
Portalda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələrinin olduğunu söyləyən akademik burada Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğət və ədəbiyyatların elektron variantlarının da yer aldığını diqqətə çatdırıb.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Əlyazmalar İnstitutunda 40 minədək eksponatın olduğunu, bu eksponatların təxminən 40 faizinin elektronlaşdırıldığını bildirib. İlk növbədə, türkdilli əlyazmaların elektronlaşdırılmasının nəzərdə tutulduğunu söyləyən alim xarici qonaqların bu eksponatlara böyük maraq göstərdiklərini qeyd edib. O, bütün eksponatların elektron variantlarının yaradılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qloballaşma dövründə Azərbaycan dilinin inkişafı, qorunub saxlanılması istiqamətində atılan addımları təqdirəlayiq hal kimi dəyərləndirib. Böyük informasiya bazası olan portalın məqsəd və təyinatına görə meqa-portal olduğu vurğulanıb. AMEA-nın internetlə təmin olunması məsələsinə toxunan alim hazırda 7.000 kompüterin “AzScienceNet” elm kompüter şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. O, həmçinin portalın dizaynı və konsepsiyasına dair təkliflərini səsləndirib.
İnformasiya Texnologiyaları İnstitutunda terminoloji informatika sahəsində görülən işlər barədə məlumat verən R.Əliquliyev portalın texniki cəhətdən təmin olunması ilə bağlı dəstək göstərməyə və birgə əməkdaşlığa hazır olduğunu bildirib.
Tədbirdə Dilçilik İnstitutunun kompüter dilçiliyi şöbəsinin müdiri, professor Kamilə Vəliyeva və şöbənin baş elmi işçisi, professor Məsud Mahmudov portalın texniki göstəricilər baxımından müasir standartlara cavab verdiyini qeyd edib, onun istifadə qaydasına dair ətraflı məlumat veriblər. Bildirilib ki, bu informasiya resursunun gələcəkdə mütəmadi təkmilləşdirilməsi nəzərdə tutulur.
Sonda “www.azerbaycandili.az saytının istismarı ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

Oxşar xəbərlər