Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.
Aİİ-nin rektoru daha sonra qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.
Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: "Qafqazın ən böyük məscidi olan "Heydər Məscidi"nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir".
C.Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.
On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə öz töhfəsini verəcəyini vurğulayan Aİİ-nin rektoru tədbirə uğurlar arzulayıb.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.
Halit Eren daha sonra bildirib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.
H.Eren "İslam sivilizasiyası Qafqazda" mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.
Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başlandığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.
Qafqazın nadir bölgə olduğunu vurğulayan Gövhər Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi quruluşuna və qədim zamanlardan məskunlaşmış, minillərboyu yaşamış insanlarının xüsusiyyətinə görə xarakterizə oluna bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərlərinin Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.
Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtda respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialoqun və dini tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsində mühüm addımlar atılıb, dini etiqad azadlığı tam şəkildə təmin edilib. Ulu Öndərin dövlətçilik prinsiplərini uğurla davam etdirən Prezident İlham Əliyev sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün əvəzolunmaz xidmətlər göstərməkdədir. Bu gün Azərbaycan İslam mədəni irsinin qorunub saxlanmasında və dünyaya olduğu kimi çatdırılmasında önəmli məkanlardan biri kimi tanınır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Azərbaycan nümunəsində dünyaya göstərildi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə rahat şəkildə yaşaya bilər. Paytaxt Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Müasir dünyada irqçilik, ksenofobiya, islamofobiya təzahürlərinin getdikcə gücləndiyini deyən Mübariz Qurbanlı Azərbaycan dövlətinin çox məsuliyyətli missiyanı öz üzərinə götürərək, müsəlman ölkələri arasında həmrəyliyin bərqərar olması və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş apardığını bildirib. Xatırladıb ki, Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesaj oldu.
Komitə sədri İslam dininin təkcə Azərbaycanda və Qafqazda deyil, bütün dünyada sülhün və əmin-amanlığın təmin olunmasında, qardaşlıq, dostluq münasibətlərinin qurulmasında əvəzsiz rol oynayacağına əminliyini bildirib, bu dinin doğru mənbələrdən araşdırılmasının, öyrənilməsinin və olduğu kimi təbliğ olunmasının zəruriliyini qeyd edib və Simpoziumun məhz buna xidmət etdiyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, əldə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. Salman Musayev dini konfessiyalara ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, müstəqil Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bugünkü tədbir Heydər Əliyev ideyalarının davamı olaraq böyük önəm kəsb edir. Bu Simpozium ölkəmizin İslam tarixində və coğrafiyasında tutduğu önəmli məqama, İslamın Qafqaza, ətraf ərazilərə yayılmasında Azərbaycanın tarixi roluna verilən dəyərdir. Bu, həm də dövlətimizin İslam dəyərlərinə diqqət və qayğısının bariz nümunəsidir.
“29 Mayıs” Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan tolerantlıq mühiti ilə nəinki Qafqaz regionunda, həm də dünyada seçilir. Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması təqdirəlayiqdir.
“İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse qeyd edib ki, sovet dövründə Azərbaycanda ateizm dərsləri keçirilsə də, xalq öz dini inancını qoruyub və müstəqilliyinə qovuşduqdan sonra islami dəyərlərin təbliğini bərpa edib. Azərbaycanda din təhsili sahəsində mühüm addımlar atılıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması nəinki bu ölkə, bütövlükdə Qafqaz üçün çox önəmlidir. Azərbaycan tolerant ölkədir. Bu da onu Qafqazda multikultural dəyərlərin qorunduğu mərkəzə çevirir.
Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdinin Simpozium iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.
Çıxış edənlər II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.
Qonaqlar, həmçinin Simpoziumun keçirilməsini aktual hesab edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun tanıtım çarxı nümayiş etdirilib. Beynəlxalq Simpoziumun iştirakçıları xatirə şəkli çəkdiriblər.
İki gün davam edəcək Simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.
Builki Simpoziumda “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panellərdə müxtəlif mövzularda məruzələr dinləniləcək.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər