Aİİ-də elmi-praktik konfrans: Heydər Əliyev siyasəti və din təhsili

Aİİ-də elmi-praktik konfrans: Heydər Əliyev siyasəti və din təhsili Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan müəssisənin rektoru Ceyhun Məmmədov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışında Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Ceyhun Məmmədov Azərbaycan xalqının milli-mənəvi sərvəti olan tolerantlıq ənənələrinin qorunmasında və inkişafında Ümummilli Liderin böyük xidmətləri olduğunu vurğulayıb.
Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini uzaqgörənliklə və uğurla davam etdirdiyini nəzərə çatdırıb. Bildirib ki, ölkə Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanına ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində atdığı uzaqgörən addımlardandır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, İslam dünyasının tanınmış şəxsiyyətlərindəndir. Ümummilli Liderin Azərbaycanla Şərq və Qərb ölkələri arasında əməkdaşlığın qurulmasına əvəzsiz töhfələr verdiyini qeyd edən Nazim Mustafa Heydər Əliyevin müstəqil respublikamızda siyasi, iqtisadi, mədəni əlaqələrin sürətli inkişafını təmin etdiyini vurğulayıb. O deyib: “Dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun Vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş bir estafet kimi, yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur”.
Daha sonra konfrans işini panellərlə davam etdirib.
“Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusuna həsr olunan paneldə “Azərbaycanda multikultural və tolerant ənənələrin qorunmasında Heydər Əliyevin rolu”, “Azərbaycanın yeni inkişaf dövrünün banisi: Heydər Əliyev”, “Unikal siyasətçi Heydər Əliyev”, “Heydər Əliyevin elmə və təhsilə verdiyi dəyər”, “Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği”, “Azərbaycanda kitabxananın inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda din siyasəti”, “Rol Qeydar Aliyeva v soxranenii i vosstanovlenii pamyatnikov reliqioznoqo i kulturno-istoriçeskoqo naznaçeniya” mövzusunda başlıqlı çıxışlar dinlənilib.
“Azərbaycanda multikultural və tolerant ənənələrin qorunmasında Heydər Əliyevin rolu” mövzusuna həsr olunan ikinci paneldə “Azərbaycan multikulturalizmin məkanlarından biri kimi”, “Azərbaycanda multikulturalizm”, “Heydər Əliyev və tolerant Azərbaycan”, “Multikultural ənənələrin qorunmasında Heydər Əliyevin xidmətləri”, “Multikultural və tolerant ənənələrin qorunmasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyevin İslam ənənələrinin formalaşmasında rolu”, “Heydər Əliyevin İslam dininə verdiyi dəyər”, “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda məruzələr dinlənilib.
Konfrans mövzu ətrafında müzakirələrdən sonra işini yekunlaşdırıb.

Aİİ-nin Mətbuat Xidməti


Aİİ-də elmi-praktik konfrans: Heydər Əliyev siyasəti və din təhsili

Oxşar xəbərlər