Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq

Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq" mövzusunda konfrans keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamını xatırladıb. O, ölkəmizdə cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsini dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb. Bildirib ki, bu gün keçirilən konfransla AMEA "İslam Həmrəyliyi İli"nə həsr olunmuş tədbirlərə start verir.
Azərbaycanın həmrəylik, dialoq ölkəsi olduğunu deyən akademik bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparıldığını və multikultural dəyərlərə xüsusi önəm verildiyini vurğulayıb. İsa Həbibbəyli bildirib ki, bu gün ölkəmizdəki müxtəlif dinlərin mənsubları heç bir ayrı-seçkiliklə qarşılaşmır və öz ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanın multikultural dəyərlər çərçivəsində beynəlxalq aləmdə model olduğunu deyən alim bu gün dünyada islamafobiyanın artdığını və Sərəncamın mahiyyətinin İslam həqiqətlərini, böyük elmi dəyərlərini dünyaya çatdırmaq olduğunu bildirib.
Akademik Sərəncam çərçivəsində uşaqlar üçün İslam ensiklopediyasının hazırlanacağı barədə də məlumat verib.
Konfransda Ədəbiyyat İnstitutunun nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Nüşabə Araslının "Nizami Gəncəvinin yaradıcılığında dini tolerantlıq problemi", qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru İmamverdi Həmidovun "Şuubiyyə ədəbi-fikir cərəyanı və İslamda xalqların bərabərliyi ideyası", orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın "İslam sivilizasiyasında tolerantlıq və humanitar dəyərlər problemi", filologiya elmləri doktoru Məmmədhəsən Qənbərlinin "Məhəmməd Peyğəmbərin hədislərində ümumbəşəri dəyərlər", filologiya elmləri doktoru Baloğlan Şəfizadənin "Hüseyn Cavidin "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbərin obrazı" mövzularında məruzələri dinlənilib.

Kəmalə Rəhimli

Oxşar xəbərlər