İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilib

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilib 2019-cu ilin ilk yeddi ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 3,09 milyon nəfər təşkil edib.
Bunun da 2,6 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin göstəricisindən 9 faiz çoxdur.
Yanvar-iyul ayları ərzində 367 min sərnişin axını ilə Naxçıvan aeroportu sıxlıq üzrə ikinci, həmin müddətdə 85 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü olub.
Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,1 milyon və 306 min sərnişin daşıyıb. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 8 faiz çoxdur.
Bakı hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,27 milyon təşkil edib ki, bunun da 33 faizi AZAL-ın, 13,4 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 53,6 faiz təşkil edib.
Hazırda 33 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyul ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai” və “AirArabia” daxil olublar.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər