Azərbaycanlı alimin Almaniyada kitabı çap olunub

Azərbaycanlı alimin Almaniyada kitabı çap olunub Azərbaycan Universiteti rektorunun müşaviri, Magistratura və doktorantura şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyevanın Almaniyada monoqrafiyası çap olunub.
“LAP Lambert Academic Publishing” beynəlxalq nəşriyyatı tərəfindən rus dilində nəşr olunan “XX əsrdə Şimali Azərbaycanda İslam təhsili” adlı kitabda qeyd olunur ki, dini təhsilin rolunun öyrənilməsi ənənəvi cəmiyyətin xüsusiyyətlərinin düzgün anlaşılmasında böyük əhəmiyyət kəsb edir.
Geniş spektrli mənbələrə, sənədlərə və elmi ədəbiyyata istinad etməklə Şimali Azərbaycanda islam təhsilinin və maarifçiliyinin əsas institutlarının uzun müddət məscid, məktəb və mədrəsələr olmasının sübuta yetirilməsi monoqrafiyanın əhəmiyyətini artırır. Bildirilir ki, XX əsrin sonunadək ölkədə elmi fikir və düşüncələrin inkişafı dini təhsil sistemi çərçivəsində aparılıb. Azərbaycan ziyalılarının nümayəndələri Şimali Azərbaycanda dini (islam)-kübar təhsil sisteminin banisi olublar. Sovet hakimiyyəti illərində unudularaq xatirələrdən silinmiş bu təhsil sistemi XX əsrin sonunda yenidən dirçələrək mütərəqqi və dinamik inkişafa nail olub.
146 səhifədən ibarət monoqrafiya tədqiqatçılar, tarixçilər, islam təhsili ilə maraqlananlar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, elmi və tədris ədəbiyyatının Avropa dillərində nəşri üzrə ixtisaslaşmış “LAP Lambert” nəşriyyatı Almaniyada yerləşir. Burada nəşr olunan kitablar beynəlxalq kataloqlara daxil edilir, eyni zamanda www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk, www.amazon.com və digər vebsaytlar vasitəsilə bütün dünyada satılır.

Mətbuat Xidməti



Oxşar xəbərlər