Dillər universitetinin əməkdaşının kitabı xaricdə fransız dilində nəşr olunub

Dillər universitetinin əməkdaşının kitabı xaricdə fransız dilində nəşr olunub Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) rektorunun müşaviri, doktor Vazeh Əskərovun Presses Academique Francophone (PAF) nəşriyyatında sayca ikinci olan “Gérondif, Participe Présent, Adjectif Verbal” adlı kitabı işıq üzü görüb.
Fransız dilində dərc olunan kitabda müasir fransız dilində az öyrənilmiş və indiyədək tam olaraq həll edilməmiş “ant” sonluğu ilə bitən feli birləşmələr, onların cəm halı və uzlaşması, həmçinin feli sifət və feli bağlamalar arasında sintaksis təhlil, onların cümlələrdə işlənmə yeri və məna fərqliliyi eləcə də oxşar təhlilləri aparılıb.
Feli bağlamaların oxşar cəhətləri ilə yanaşı onların hansı halda birinin digərini əvəz etməsinə dair nümunələrin də yer aldığı kitabın üçüncü əsas hissəsində feli bağlamalar iki fundamental qrammatika kitabında, eləcə də üç orta məktəb qrammatika dərsliyində araşdırılıb və müqayisə edilərək çoxsaylı misallarla təhlil edilib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələlər müasir fransız dilində “ant” sonluğu ilə bitən feli birləşmələrin öyrənilməsi baxımından xüsusi maraq doğurur. Qeyd edək ki, 85 səhifədən ibarət kitab ali təhsil müəssisələrində dərs vəsaiti, həmçinin dissertasiya, fəlsəfə və elmlər doktorluğu işlərinin yerinə yetirilməsində mənbə kimi istifadə oluna bilər.

ADU-nun Mətbuat Xidməti


Dillər universitetinin əməkdaşının kitabı xaricdə fransız dilində nəşr olunub

Oxşar xəbərlər