İlahiyyat İnstitutunda “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

İlahiyyat İnstitutunda “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bu ali təhsil müəssisəsinin və Türkiyə Respublikası Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlanıb.
konfransda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
O, müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq, ümummilli lider Heydər Əliyevin sözügedən sahəyə göstərdiyi diqqət və qayğını vurğulayıb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Azərbaycan İlahiyyat İnstitutu məhz Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yaradılıb.
Konfransda Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavini Adem Yıldırımın “İslam hüququnun tədrisinin aktual problemləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Türkiyədə İslam hüququnun tədrisindən bəhs edərək, mövcud problemləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Həmin universitetin İslam elmləri fakültəsinin dekan müavini Muhammet Ali Yazıbaşı “Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili” mövzusunda çıxış edib. O, Türkiyənin orta məktəblərində də din tədrisi barədə geniş məlumat verib.
Kırıkkale Universitetinin İslam elmləri fakültəsinin müəllimi, dosent Şahin Əhmədoğlu “Məzhəblər tarixi fənninin tədrisinin aktual məsələləri”ndən danışıb. O, din-insan-məzhəb münasibətləri, məzhəblər tarixi fənninin tədrisində mövcud vəziyyət və perspektivlər haqqında fikirlərini bölüşüb.
Aİİ-nin dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizova “Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi – İslam dini kontekstində” mövzusunda çıxış edib. O, Azərbaycanın orta məktəblərində müstəqil din dərsinin olmadığını, 1-9-cu siniflərdə “Həyat bilgisi” dərsliyində dinlə əlaqəli məlumatların tədris edildiyi barədə məlumat verib. Bildirib ki, bu fənn şagirdlərə müxtəlif dünya dinləri haqqında əsas bilikləri öyrədir.
Bakı Dövlət Universiteti sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə kafedrasının müəllimi Aygün Kərimova “Azərbaycanda tarixən dinə münasibət və din təhsili” adlı məruzəsində Azərbaycanda orta əsrlərdə fəaliyyət göstərən mədrəsələr, bu gün ölkəmizdə mövcud olan multikultural və tolerant mühit haqqında məlumat verib.
Sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb. Konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlər iştirak ediblər.
Konfransın sonunda məruzəçilərə təşəkkürnamələr təqdim olunub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu bu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamının birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər