Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yeni əməkdaşlığa imza atıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yeni əməkdaşlığa imza atıb Koreya peşə təhsili standartları əsasında qurulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) “Suez Groupe” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.
Memorandum çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunacaq sənaye quraşdırma və elektrotexnika ixtisasları üzrə təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğun qalması məqsədilə şirkət peşəkarları tərəfindən mütəmadi olaraq rəylər veriləcək. Nəticədə tədris olunan mövzular bazar ehtiyaclarına daim uyğunlaşacaq.
Əməkdaşlıq memorandumunun imzalanmasında daha bir məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.
Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Suez Groupe” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Eyni zamanda, “Suez Groupe” şirkəti ilə əməkdaşlıq Sənaye və İnnovasiyalar üzrə BDPTM-ə tələbə qəbulu və buraxılış imtahanlarını təkmilləşdirməyə imkan verəcək.
Xatırladaq ki, 2018-ci il yanvarın 26-da təməli qoyulan Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər