Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı məsələ həllini tapır

Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı məsələ həllini tapır Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı iki ölkə arasında uzun zaman davam edən danışıqlar artıq yekunlaşıb. Bu məsələ öz həllini tapır. Hazırda bu insanların sənədlərinin hazırlanması istiqamətində işlər görülür. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə yaşayan soydaşlarımızla görüşü zamanı mətbuata açıqlamasında deyib.
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən bəzi mətbu orqanlarda 1990-cı illərdə Türkiyəyə gəlmiş və hazırda burada qanunsuz yaşayan azərbaycanlıların ölkədən deportasiya edilməsi ilə bağlı yalan məlumatların dərc olunması haqqında danışan komitə sədr, bununla bağlı Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən də xüsusi bəyanatın yayıldığını bildirib. Qeyd edilib ki, bəyanatda da bildirildiyi kimi, yazılan bu xəbərlər tamamilə yalandır.
F.Muradov Türkiyədə bir çox ölkələrdən, o cümlədən Suriyadan çox sayda köçkünün olduğunu və bu insanlara ölkədə xüsusi qayğı göstərildiyini xatırladıb. Qeyd edilib ki, buna baxmayaraq, ölkəyə qanunsuz yollarla daxil olmuş bəzi köçkünlər barəsində lazımi tədbirlər görülür və bir sıra qüvvələr bundan istifadə edərək azərbaycanlılar haqqında yalan məlumatlar yazırlar.
F.Muradov bu yazıların Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl yetirmək məqsədi daşıdığını qeyd edib.

Günel Məlikova



Oxşar xəbərlər