Aynur Camalqızının fikri dəstəkləndi

Aynur Camalqızının fikri dəstəkləndi “Bildiyiniz kimi, müasir dünyada müharibələrin çeşidli formaları yaranır. Bunun ən təhlükəlisi kiber müharibələr, informasiya savaşlarıdır”.
Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat, Xalq yazıçısı Elmira Axundova səsləndirib.
Deputat deyib ki, Azərbaycan informasiya sahəsində mütəxəssislər yetişdirməli, ən yeni informasiya texnologiyalarını tətbiq edərək bu sahəyə diqqəti artırmalıdır: “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə mövzusunda dəyirmi masa keçirildi. Bu müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirdi ki, xaricdə anti-Azərbaycan kampaniyası aparanların sosial şəbəkələrdəki səhifələrinə ayda ortalama 10-15 min dollar reklam qoyulur. Açıq görünür ki, düşmənlərimiz belə insanlara dəstək verərək ölkəmizin beynəlxalq imicinə zərər vurmaq, daxili sabitliyi pozmaq üçün istifadə edirlər. Həmin dəyirmi masada iştirak edən keçmiş deputat həmkarımız, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı haqlı olaraq bildirdi ki, Azərbaycanın stabilliyində, iqtisadi qüdrətinin artmasında iş adamları da maraqlı olmalıdır: “Təəssüflər olsun ki, bizim reklam bazarı tam formalaşmadığı üçün ayrı-ayrı media qurumlarının bu istiqamətdə atdığı addımlar maddi-texniki baza çatışmazlığı səbəbindən arzulanan effekti vermir. Hesab edirəm ki, Kütləvi İnformasiyə Vasitələrinə Dövlət Dəstəyi Fondunun yeni mediaya diqqətinin artmasının vaxtı çoxdan çatıb. Fond bizim maddi texniki bazamızın təkmilləşdirilməsində mühüm rol oynaya bilər”. Mən Aynur Camalqızının fikirləri ilə tam razıyam. Bir neçə millət vəkilinin danışması ilə mübarizə aparmaq olmaz. Odur ki, Mətbuat Şurası, Kütləvi İnformasiyə Vasitələrinə Dövlət Dəstəyi Fondu bu sahəyə dəstək verməlidir. Kütləvi İnformasiyə Vasitələrinə Dövlət Dəstəyi Fondu öz işində köhnə kriteriyalarla işləməməlidir, zamanın yeni tələbləri ilə ayaqlaşmalıdır. Hesab edirəm ki, onlara dövlət tərəfindən ayrılan vəsaiti ilk növbədə virtual məkanda işləyən, özünə yer tutan sanballı saytlara ayılmalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər