Dərsliklər şagirdlərdən bu tarixdə geri alına bilər, əks təqdirdə məsuliyyət... - AÇIQLAMA

Dərsliklər şagirdlərdən bu tarixdə geri alına bilər, əks təqdirdə məsuliyyət... - AÇIQLAMA Tədris ilinin rəsmi olaraq 14 iyunda başa çatmasına baxmayaraq, bir çox məktəblərdə dərs prosesinin faktiki olaraq mayın sonlarında dayanması artıq illərdir müşahidə olunan bir reallıqdır. Bu dövrdə şagirdlərin məktəbə davamiyyəti kəskin azalır, dərslər isə daha çox formal xarakter daşıyır.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, qanunvericiliyə, təhsillə bağlı normativ sənədlərə əsasən Azərbaycanda tədris ili 15 sentyabrda başlayır və 14 iyun tarixində bitir.

"Üstəlik, 522 nömrəli tövsiyyə sənədinə əsasən orta ümumtəhsil müəssisəsində dərsliklər yalnız və yalnız tədris ilinin bitməsinə 2, ya 3 gün qalmış şagirdlərdən geri alına bilər. Bu o deməkdir ki, dərs prosesi, pedaqoji işin təşkili yalnız və yalnız dərs ilinin sonunadək qüvvədə qalmalıdır. Əgər dərslər deyildiyi kimi may ayında başa çatırsa, dərsliklər şagirdlərdən daha tez alınırsa, burada məsuliyyət artıq ayrı-ayrı məktəblərin üzərinə düşür. Bu, birbaşa məktəbdaxili nəzarətin, davranış qaydalarının zəifliyi deməkdir".

Ekspert qeyd etdi ki, məktəb rəhbərliyi, pedaqoji şura bu məsələlərdə birbaşa məsuliyyət sahibi kimi davranmalı və tədris prosesini ilin sonunadək davam etdirməlidirlər.

"Bu, ən azından, məktəbin böyük adına, onun imicinə və missiyasına verilən qiymət kimi başa düşülməlidir. Bir məktəbin şagirdi həmin məktəbə ən sonuncu dərs gününədək getməlidir. Yox, bir məktəbdə artıq maydan sonra hər şey formala dönübsə, şagirdlərin yarıdan çoxu gəlmirsə, burada artıq mərkəzləşdirilmiş qaydada qərarlar verilməlidir. Məktəb məktəbdir, o nə hansısa imtahandan asılıdır, nə də hansısa prosesin tabeliyindədir. Bu gün "imtahanlar bitib məktəb nəyə lazımdır?!" iradını deyənlər məktəbin fəlsəfəsini tam bilməyən adamlardırlar",-deyə Elmin Nuri fikrini yekunlaşdırdı.

Tehsil-press.az

Oxşar xəbərlər