Donald Tramp onu satan adamla şəxsən görüşmək istəyir

Donald Tramp onu satan adamla şəxsən görüşmək istəyir ABŞ prezidenti Donald Tramp onun Ukrayna prezidenti Vladimir Zelenski ilə bu ilin iyul ayında apardığı telefon söhbətinə görə onu yuxarı orqanlara şikayət edən kəşfiyyat strukturunun əməkdaşı ilə şəxsən görüşmək istədiyini bildirib.
Donald Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb.
“İstənilən amerikalı kimi mənim də ittihamçım ilə görüşmək hüququm var. Bilmək istərdim ki, danışıqlardan xəbəri olduğunu iddia edən həmin şəxs xarici liderlə apardığım ideal müzakirələri hansı səbəbdən düzgün olmayan və aldadıcı şəkildə təqdim edir”,-deyə Birləşmiş Ştatlaırn dövlət başçısı yazıb.
Bundan başqa, ABŞ prezidenti kəşfiyyat əməkdaşına onun raportu üçün məlumatlar ötürən adamla da tanış olmaq istədiyini ifadə edib.
“Mən təkcə ikinci, üçüncü, dördüncü əldən gələn informasiya əsasında raport yazan ittihamçı ilə deyil, həmin faktları qeyri-qanuni olaraq ona verən şəxsi də görmək istərdim. Bu adam ABŞ prezidentinə qarşı casusluq edib. Ciddi nəticələri olacaq!”, - deyə Ağ Evin rəhbəri bildirib.
ABŞ lideri həmçinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin sədri, Demokrat partiyasının üzvü Adam Şiffin də V.Zelenski ilə söhbətini açıq şəkildə təhrif etməsindən dolayı “ən yüksək səviyyədə” dindirilməsini tələb edib.
“Şiff Konqresə yalan danışıb. O, göstərdiyi faktların ABŞ prezidentinin ağzından çıxdığını bildirib. Ona görə mən Adam Şiffin yanıltma və vətənə xəyanətə görə yüksək səviyyədə sorğulanmasını istəyirəm”, - deyə Donald Tramp sosial şəbəkədə qəzəbini gizlətməyib.

Tehsil-press.az

Oxşar xəbərlər