BSU-da Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan dəyirmi masa keçirilib

BSU-da Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan dəyirmi masa keçirilib Sentyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) Elmi-tədqiqat layihələri laboratoriyasının tərcümə və leksikoqrafiya bölməsinin təşkilatçılığı ilə Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş “Müasir tərcümənin aktual problemləri: tədris, nəzəriyyə, təcrübə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor, professor Nurlana Əliyeva Beynəlxalq Tərcüməçilər Gününün xüsusi qeyd olunmasını yüksək dəyərləndirib, peşəkar tərcüməçiləri bayram münasibətilə təbrik edib. O bildirib ki, bu gün hər bir mədəni xalq üçün xüsusi bayramdır.
Tarixboyu dünya elminə töhfələr vermiş alim və ziyalılarımızın əvəzsiz xidmətlərindən danışan N.Əliyeva qeyd edib ki, bu alimlərin dünya salnaməsinə düşməsi məhz tərcümə elminin inkişafı sayəsində baş verib. Azərbaycanda dünya xalqlarının mədəniyyətinin tanınmasında Puşkinin, Lermontovun, Dostoyevskinin, Saltıkov Şedrinin əsərlərinin dilimizə tərcüməsinin böyük rolu var.
Rektor vurğulayıb ki, dünyəvi elm və təhsilin inkişafı, dünya mədəniyyəti ilə tanışlıq tərcümə sahəsi olmadan mümkün deyil. BSU-da uzun illər tərcümə mərkəzinin fəaliyyət göstərməsi, bu mərkəzin mütəxəssisləri tərəfindən dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə peşəkarlıqla tərcümə edilməsi təqdirəlayiqdir. Həmin mərkəz hazırda yeni startap layihəsi əsasında daha geniş istiqamətdə fəaliyyət göstərir.
Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov bildirib ki, respublika üzrə tərcüməçilik sahəsinə BSU-da tədris olunan slavyan dilləri, o cümlədən yunan dili xüsusi töhfələr verə bilər. Həmin dillər üzrə peşəkar tərcümə üçün məhz BSU-ya müraciət etməyin məqsədəuyğun olduğunu bildirən R.Novruzov tərcümə mərkəzləri ilə sıx əməkdaşlıq qurmağın əhəmiyyətini diqqətə çatdırıb.
BSU-nun tədris işlər üzrə prorektoru, professor Telman Cəfərov qeyd edib ki, texnologiyanın inkişaf etdiyi müasir dövrdə ortaya çıxan tərcümə proqramları müvafiq prosesin daha da asanlaşmasına şərait yaradıb. Əyani lüğət vəsaitlərinin elektron formaya salınmasını məsləhət görən T.Cəfərov virtual şəkildə bu lüğətlərin daha çox oxucu kütləsi qazanacağını bildirib. Onun sözlərinə görə, son illər ərzində BSU-nun bir çox istedadlı tələbəsinin tanınmış tərcümə mərkəzlərində işlə təmin olunması halı artıb. Bu isə universitetin peşəkar tərcüməçi yetişdirməsinin göstəricisidir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Elm, təhsil və mədəniyyət şöbəsinin direktoru Etimad Başkeçid çıxışında müasir tərcümə proqramlarının inkişafına baxmayaraq, hər zaman insan faktoruna əyani şəkildə ehtiyac yarandığını bildirib. Tərcüməçiliyin inkişafında praktik təcrübənin önəmini xüsusi vurğulayan E.Başkeçid Azərbaycan Dövlət Tərcümə Mərkəzinin BSU ilə gələcəkdə tərcümə sahəsində vacib dərs vəsaitlərinin nəşrində müştərək əməkdaşlıq qurması fikrini irəli sürüb.
“Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorunun müavini Mahir Qarayev hazırda ölkəmizdə tərcümə sahəsində demokratik mühitin hökm sürdüyünü bildirib. O, bu gün dilimizə tərcümə olunan kitablarda bədii və obrazlı təsvirin zəif olmasının səbəbini bəzi tərcüməçilərin ana dilimizi dərindən bilməməsində görüb.
Sonra BSU-nun Tərcümə fakültəsinin dekan müavini Sevinc Xudiyeva ixtisaslaşma və tədris prosesi, peşəkar kadr hazırlığı barədə geniş məlumat verib.
Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Xarici dillər və ölkəşünaslıq kafedrasının baş müəllimi Nəsibə Abbasova qloballaşma dövründə multikultural idarəetmənin inteqrasiya prosesinə çevrildiyi, tərcümə sahəsində dünya oxucusunun zövqünün nəzərə alınmasının əhəmiyyəti, tərcümə sayəsində dilimizdə yeni sözlərə ehtiyac yaranması və digər məsələlər barədə söz açıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal tərcümə sahəsində ixtisaslaşma, sinxron tərcüməçilik barədə danışaraq bildirib ki, hazırda ölkəmizdə nəzəri baxımdan yeni tərcümə kitablarının nəşrinə ehtiyac var.
BSU-nun Avropa dilləri kafedrasının professoru Qılıncxan Bayramov rus dilində ilk tərcümə kitablarının nəşrində universitetin mütəxəssislərinin rolunu qeyd edib. Tərcüməçilik sahəsində işə qəbulun əyani şəkildə aparılmasının tərəfdarı olduğunu deyən alim, habelə insan adlarının onun mənsub olduğu ölkənin dilində yazılmasını məsləhət görüb. O, “Kitabi Dədə-Qorqud”, “Koroğlu” dastanlarının dünya dillərinə düzgün şəkildə tərcümə edilməsinin, o cümlədən Dağlıq Qarabağ problemi ifadəsinin Azərbaycan dilində olduğu şəkildə digər dillərdə də saxlanmasının vacibliyini vurğulayıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq əlaqələr departamentinin direktor müavini Fikrət Doluxanov televiziyada efirə gedən bədii və sənədli filmlərin Azərbaycan dilinə tərcümə olunmasında daim peşəkar kadrlara ehtiyac yarandığını deyərək BSU-da hazırlanan gənc kadrlarla əməkdaşlıq etmək təklifini irəli sürüb.
BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev AMEA-nın uzun illər Azərbaycanda tərcümə mərkəzi rolunu oynadığına diqqəti çəkib. O bildirib ki, hazırda Azərbaycanda Cəlaləddin Ruminin əsərlərinin, o cümlədən “Şəms Divanı”nın tərcüməsinə xüsusi ehtiyac var. Bədii əsərlərdən fərqli olaraq elmi əsərlərin tərcüməsi tərcüməçidən ciddi mütəxəssis olmağı tələb edir.
Tədbirdə çıxış edən “Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov, “Avrasiya” Tərcümə Mərkəzinin direktoru Nərminə Hüseynova yeni nəslin müasir texnologiyaya uyğunlaşmasının vacibliyini qeyd edərək BSU ilə gələcəkdə əməkdaşlıq qurmağın vacibliyini diqqətə çatdırıblar.
Elmi-tədqiqat layihələri laboratoriyasının tərcümə və leksikoqrafiya bölməsinin müdiri Kamran Hacıyev gələcək planlardan danışıb. O, səsləndirilən fikirlərin gələcəkdə laboratoriyanın fəaliyyətində nəzərə alınacağını deyib.

BSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər