Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemi üzərindən qəbul ediləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, noyabrın 1-dən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron sistem istifadəyə veriləcək.
Hazırda övladlığa götürmə ilə bağlı aktiv işlərin aparıldığını deyən S.Babayev əlavə edib ki, artıq məsələ ilə bağlı dəyişikliklər Milli Məclisə təqdim olunub. Yaxın günlərdə həmin dəyişikliklərin plenar iclaslarda qəbul edilməsi gözlənilir.
Nazir bildirib ki, övladlığa verilmə üçün qiymətləndirmə çox qısa müddətdə aparılmayacaq, bu, 6 aya qədər davam edən prosedur olacaq: "Növbəti proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkili, ünsiyyətlərinə nəzarət edilməsi, uşağın əvvəlcə qısa müddətə, daha sonra daimi şəkildə ailəyə verilməsidir. Burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır. Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailənin seçilməsidir. O ailənin həm maddi, həm də sosial baxımdan övladı yetişdirə bilmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".


Tehsil-press.az

Oxşar xəbərlər