Övladlığagötürmə prosesi sadələşdirilir

Övladlığagötürmə prosesi sadələşdirilir Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan işlərə dair mətbuat konfransı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, nazirliyin səlahiyyətinə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması, övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi və s. daxildir.
Nazirliyə, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsi və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin görülməsi və digər vəzifələr həvalə olunub.
S.Qocayev əlavə edib ki, hazırda Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları”nın qərar layihəsinin, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin, müvafiq qanunvericilik aktlarında dəyişiklik layihələrinin hazırlanması üçün işçi qrup fəaliyyət göstərir. İşçi qrup həmçinin Fərmana uyğun olaraq, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması üçün müvafiq işləri görür. Övladlığagötürmə prosesinin İKT imkanlarından geniş istifadə edilməklə tam elektronlaşdırılması, prosesin sadələşdirilməsi və əlçatanlığının artırılması, həmçinin bu sahədə şəffaflıq təmin ediləcək.
S.Qocayev övladlığa verilən uşaqlarla bağlı nəzarət tədbirlərinin mütəmadi aparılacağını da deyib və bildirib ki, övladlığa verilməsi çətin olan uşaqların övladlığa verilməsini stimullaşdırmaq üçün əlavə dəstək mexanizmləri təklif olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər