İyirmi ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb

İyirmi ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb Bu gün qarşımızda duran əsas çağırışlardan biri də peşə təhsilinə marağın və peşə təhsilinin nüfuzunun artırılmasıdır. Peşə təhsilinə uğursuz karyera seçimi kimi baxılması stereotipləri tam aradan qaldırılmalı, peşə təhsili mərkəzlərinə peşəkarların hazırlanması məkanı kimi baxılmalıdır. Bu istiqamətdə həm təhsil müəssisələri, həm də sahibkarlar birgə çalışmalı, gənclərimizin və valideynlərin maarifləndirilməsi, cəmiyyətdə peşə təhsilinin ictimai statusunun yüksəldilməsi üçün səylərini əsirgəməməlidirlər.
Bu fikirləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Cari tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində belə siniflər yaradılıb. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.
“Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək”, - deyə Ceyhun Bayramov qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər