Azərbaycan Universitetinin prorektoru beynəlxalq riyaziyyat məktəbində mühazirə oxuyub

Azərbaycan Universitetinin prorektoru beynəlxalq riyaziyyat məktəbində mühazirə oxuyub Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov Beynəlxalq Nəzəri və Tətbiqi Riyaziyyat Mərkəzi və Nant Universiteti (Fransa) tərəfindən Türkiyənin İzmir şəhərində təşkil olunan “Qərbi Asiya Riyaziyyat Məktəbi” adlı beynəlxalq tədbirdə iştirak edib.
Tədbirdə azərbaycanlı alim hər biri 80 dəqiqə olmaqla 3 mühazirə oxuyub.
Tədbirin təşkilatçılarından biri olan Yusif Qasımov Qərbi Asiyanın müxtəlif dövlətlərini təmsil edən 40 iştirakçıya dəyişən oblastlı məxsusi ədəd məsələləri, formaya görə optimallaşdırma və tərs məsələlər sahəsində əldə etdiyi nəticələr barədə məlumat verib.
Bundan başqa tədbirin iştirakçılarının təmsil etdikləri ali məktəblərlə Azərbaycan Universiteti arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Mərakeşin ali təhsil müəssisələrindən birinin 2020-ci ilin iyununda Azərbaycan Universitetində keçiriləcək beynəlxalq konfransın tərəfdaşlarından biri olması qərara alınıb.
Qeyd edək ki, mərkəzi ofisi Fransada yerləşən CIMPA təşkilatı özünün “CIMPA Schools” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrində gənc tədqiqatçılar üçün riyaziyyatın müxtəlif istiqamətləri üzrə məktəblər təşkil edir. Məktəblərə dünyanın tanınmış alimləri dəvət olunur. Növbəti belə məktəb oktyabrın 27-də İzmirin Şirince bölgəsində yerləşən “Nesin Matematik Köyü”ndə başlayıb. Noyabrın 3-dək davam edən Qərbi Asiya Riyaziyyat Məktəbinə Fransa, Azərbaycan, İraq və Mərakeşdən alimlər dəvət olunublar. Seminarların dinləyiciləri isə Qərbi Asiyanın müxtəlif ölkələrini təmsil edən gənc tədqiqatçılar olub.

Mətbuat Xidməti


Azərbaycan Universitetinin prorektoru beynəlxalq riyaziyyat məktəbində mühazirə oxuyub

Oxşar xəbərlər