BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilir.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən rektor Nurlana Əliyeva konfransın keçirilməsinin BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addım olduğunu deyib. Konfransın mövzusunun aktuallığını diqqətə çatdıran rektor bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Azərbaycanın dünyadakı müsbət mövqeyinin formalaşmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Nurlana Əliyeva vurğulayıb ki, ölkənin beynəlxalq əlaqələrinin formalaşması birbaşa olaraq dövlətin daxili siyasəti ilə bağlıdır. Ölkədə yürüdülən uğurlu daxili və xarici siyasət Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını təmin edir. Rektor diqqətə çatdırıb ki, aparılan elm və təhsil siyasəti, davamlı islahatlar ölkənin gənclərinin beynəlxalq arenaya çıxmasına, azərbaycanlı tələbələrin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almalarına imkan yaradır. Ölkənin uğurlu gələcəyini, davamlı inkişafını təmin etmək üçün elmli, bilikli gənclərə ehtiyac var. Rektor gənclərimizin onlara yaradılan şəraitdən bəhrələnərək Azərbaycana layiqli vətəndaşlar olacaqlarına əminliyini bildirib.
Konfransın plenar iclasında BSU-nun tələbəsi Elnur Baharov, Həştərxan Dövlət Universitetinin tələbəsi Sabina Velsikaya, Karlov Universitetinin tələbəsi Yuliya Svetlova, Qambiya Respublikasının nümayəndəsi Musa Ceesay çıxış ediblər.
Konfrans öz işini “Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi–Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələrində davam etdirib.
Bölmə iclaslarında ümumilikdə 209 məruzənin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransda bir çox xarici ölkələrin - Çexiya, Rusiya, Türkmənistan, Qambiya Respublikası, Çin Xalq Respublikası və digər ölkələrin ali təhsil müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak edirlər.


Tehsil-press.az

Oxşar xəbərlər