Bakıda “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilir Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda ikinci beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfransın hər iki dövlətin elm və təhsil sahəsinin inteqrasiyasına səmərəli təsir göstərəcəyini söyləyən rektor deyib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan-Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir.
Konfransda Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxış edərək bildiriblər ki, beynəlxalq tədbirin keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında əlamətdar hadisədir.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Oktyabrın 14-dək davam edəcək konfransın altı bölmədə keçiriləcək iclaslarında ümumilikdə 83 elmi məruzə dinləniləcək.

ADPU-nun Mətbuat xidməti




Oxşar xəbərlər