Elmi konfransda müasir dövrdə effektiv idarəetmənin problemləri müzakirə olunub

Elmi konfransda müasir dövrdə effektiv idarəetmənin problemləri müzakirə olunub Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda V respublika elmi-praktik konfransı keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ənənəvi keçirilən konfransın əsas məqsədinin müasir dövrümüzdə idarəetmə sistemində təzahür edən modernləşmə və yeni idarəetmə modellərinin, müasir vətəndaşı məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmaqdan ibarət olduğunu söyləyib. Rektor konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən tədqiqatçı, alim və mütəxəssislərin, doktorant və magistrantların iştirak etdiyini bildirib.
Universitetin elm və inkişaf məsələləri üzrə prorektoru, professor İranə Əliyeva konfransa hazırlıq işləri barədə məlumat verib. O, müasir dövrdə konfransın mövzusunun aktuallığını qeyd edib, bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Konfransın plenar iclasında “Ali təhsildə innovasiya fəaliyyəti”, “Sosial sahələrin inkişaf etdirilməsində yeni investisiya modelləri”, “Azərbaycanda turizm bazarının formalaşması və inkişafının problemləri” mövzularında məruzələr dinlənilib. Məruzələrdə əsas diqqət müasir dövrdə idarəetmədə yol verilən nöqsanların müəyyənləşdirilməsi və aradan qaldırılması, idarəetmə sahəsində yeniliklərin tətbiqi imkanlarının araşdırılması və digər məsələlərə yönəlib.
Sonra konfrans işini “Tarixi-mədəni abidələrin tanıdılmasında turizmin rolu”, “Turizm və xidmət sahələrinin idarə edilməsi”, “İdarəetmə mədəniyyəti və idarəetməyə innovativ yanaşma”, “Etnik münasibətlər və dillər”, “İqtisadi inkişaf proseslərinin idarə edilməsi” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 90-dan çox məruzə dinləniləcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər