İmadəddin Nəsiminin zəngin irsi hər zaman aktual olaraq qalacaq

İmadəddin Nəsiminin zəngin irsi hər zaman aktual olaraq qalacaq Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edilib ki, bu Sərəncama əsasən həm respublikamızda, həm də xaricdə şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bügünkü tədbir də bunlardan biridir.
Akademik bildirib ki, İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Prezident İlham Əliyevin dahi şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə imzaladığı Sərəncam da bu istiqamətdə görülən dəyərli işlərin davamıdır.
Tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb.
Bildirilib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan və bu mücadilədə canından keçən əsl xalq qəhrəmanı, həm də böyük cəsarət sahibi idi. Bu mənada dahi şairin zəngin irsi hər zaman aktual olaraq qalacaq, yaradıcılığı araşdırılacaq.
Sonra “Azərbaycan yazılı ədəbi dilinin başlanğıc mərhələsində İmadəddin Nəsimi fenomeni”, “Nəsimi əlyazmaları dünya kitabxanalarında”, “Nəsimi yaradıcılığında söz konsepti”, “Nəsimi dilinin bəzi poetik-üslubi xüsusiyyətləri” və “İmadəddin Nəsiminin söz həqiqəti” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər