Azərbaycan-Moldova əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Azərbaycan-Moldova əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Moldovanın Prezidenti İqor Dodon dekabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib.
Görüşdə ticari, iqtisadi və humanitar sahədə ikitərəfli münasibətlər müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin genişləndirilməsini, 2012-ci ildən bəri keçirilməyən Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının baş tutmasının vacibliyini vurğulayıblar.
İ.Dodon qeyd edib ki, Moldova infrastruktur layihələrin gerçəkləşdirilməsində Azərbaycan şirkətlərinin təcrübəsinin tətbiqində maraqlıdır. Tərəflər ölkələr arasındakı sosial və humanitar əməkdaşlığın aspektlərinə nəzər salıblar. Dövlət başçısı Azərbaycan tərəfinə Moldovaya, xüsusilə də Qaqauziya Muxtar Ərazisinə göstərdiyi diqqət və yardıma görə minnətdarlığını ifadə edib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Çadır-Lunqa şəhərində inşa olunan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Həmin layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevlə 2017-ci ildə baş tutan görüşdə əldə olunmuş razılıq əsasında mümkün olub.
2018-2019-ci illərdə Qlobal Bakı Forumunda iştirakını məmnuniyyətlə xatırladan İ.Dodon 2020-ci ilin martın 12-14-də nəzərdə tutulan növbəti forumda iştirakını mümkün sayıb.
Prezident İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi gələn il Moldovaya rəsmi səfərə dəvət edib.

Tehsil-press.az

Oxşar xəbərlər