Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi

Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı, publisist və ssenarist Hüseynbala Mirələmovun “Son səfər” povestinin təqdimatı olub.
Tədbirdə Rusiya, Özbəkistan və Tacikistandan nümayəndələr iştirak ediblər.
Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək böyük mütəfəkkir İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən danışıb. O, “Nəsimi ili” çərçivəsində AMEA-nın institut və təşkilatları tərəfindən dahi şairin yaradıcılığına həsr olunan 25 kitabın nəşr edildiyini, onlardan 12-nin Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlandığını vurğulayıb. Qeyd edib ki, bu əsərlər sırasına daxil olan “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya, o cümlədən professor Qəzənfər Paşayevin “İmadəddin Nəsimi: edamdan sonrakı həyat” və “İraq divanı” kitabları, filologiya üzrə elmlər doktoru Fəridə Əzizovanın Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış “İmadəddin Nəsimi orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda” tədqiqatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Firidun Qurbansoyun “İmadəddin Nəsimi”, Qüdsiyyə Qasımovanın “Nəsimi irsinin dialektoloji tədqiqi” monoqrafiyaları Azərbaycan nəsimişünaslığının yeni mərhələsinin xüsusiyyətlərini əks etdirən qiymətli elmi nəşrlərdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsimi irsinin sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edən İsa Həbibbəyli bildirib ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrdə görkəmli mütəfəkkirin yaradıcılığına böyük diqqət ayrılıb, onun fəlsəfəsinə həsr olunmuş bədii film çəkilib, Dilçilik İnstitutuna şairin adı verilib. Eyni zamanda, sovet dövründə Azərbaycanın tanınmış yazıçı və publisistlərinin yaradıcılığında Nəsimi mövzusuna xüsusi yer ayrılıb.
AMEA-nın vitse-prezidenti müstəqillik illərində Nəsimi yaradıcılığına elmlə yanaşı, ədəbiyyatda da diqqətin artdığını, bədii yaradıcılıq sahəsində Nəsimi mövzusunda əsərlərin yazıldığını qeyd edib.
İsa Həbibbəyli bildirib ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti xüsusi yer tutur. Nəşr Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Əsərdə Hüseynbala Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması cəsarətli addım hesab olunmalıdır.
Alimin sözlərinə görə, əsərdə Nəsimi sevgisi və nifrəti ilə zəngin mənəviyyata malik sadə və müdrik bir insan kimi oxuculara təqdim olunub. Yazıçı Nəsiminin həyatı və fəaliyyətinin hürufilik mücahidliyi dövrünü deyil, sadə və kamil insan həyatı yaşamaq mərhələsini qələmə alıb.
Akademik İsa Həbibbəyli müəllifin “Son səfər” povestini Nəsimiyə ideya-estetik mövqedən yeni baxış təşəbbüsü kimi qiymətləndirib. Əlavə edib ki, yazıçı bu povestində şair-mütəfəkkir Nəsimini hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edib.
Tədbirin “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfransın tərkib hissəsi olduğunu deyən AMEA-nın vitse-prezidenti əsərin Azərbaycan nəsimişünaslığına dəyərli töhfə olduğunu bildirib.
Sonra professor İslam Qəribli “Hüseynbala Mirələmovun “Son səfər” əsəri” və professor Salidə Şərifova “İmadəddin Nəsimi “Son səfər”də” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Erqaş Oçilov, Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruxşona Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ariz Gözəlov, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və digərləri çıxış edərək əsər haqqında fikirlərini bölüşüblər.
Sonda povestin müəllifi Hüseynbala Mirələmov tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər