İlahiyyat İnstitutunun “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbi davam edir

İlahiyyat İnstitutunun “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbi davam edir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbi ziyarət və seminarlarla davam edir.
Qış məktəbinin növbəti günü tələbələr Qəbələ Rayon Mərkəzi Məscidini ziyarət ediblər.
Məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər ibadət edə bilir. Məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılıb, sütunları isə Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində isə axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və digər köməkçi tikililər inşa olunub.
Tələbələr Soltannuxa kənd türbəsinə təşkil olunan ekskursiya zamanı ziyarətgah haqqında geniş məlumat əldə ediblər. Ziyarətçilərə məlumat verilib ki, türbənin təxminən 200 ilə yaxın tarixi var. Burada təqribən 179 il əvvəl Şeşpər adlı din xadiminin yaşadığı, onun İslam dininə böyük xidmətlər göstərsə də, əsər yazıb-yazmamasına dair məlumatın olmadığı diqqətə çatdırılıb.
Daha sonra tələbələr MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillinin təqdimatında “Azərbaycanda xanəgahlar” mövzusunda məruzəni dinləyiblər. Azərbaycan ərazisində İslam arxeologiyasının ən qədim abidələrinin inşasının VIII əsrin sonu, IX əsrin əvvəllərindən başlandığını vurğulayan F.Xəlilli Azərbaycan arxeologiyasının müasir nailiyyətləri, həmçinin çağdaş dünya arxeologiyası barədə tələbələrin dərin biliklərə yiyələnməsinin vacib olduğunu tövsiyə edib. O vurğulayıb ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri də maddi-mədəni irsimizin qorunmasıdır. F.Xəlilli Qəbələ ərazisində yerləşən abidələrimiz haqqında ətraflı məlumat verib.
Xatırladaq ki, fevralın 7-dək davam edəcək qış məktəbinin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitlə daha yaxından tanış olmalarına imkan yaradılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər