Tədbirdə Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova məruzə ilə çıxış edib.
Məruzəçi ədəbiyyatın ideoloji və estetik xüsusiyyətlərindən asılı olmayaraq hər bir fərdi mətnin müstəqil estetik dəyər daşıdığını vurğulayıb. O qeyd edib ki, XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatında yeni bədii meyllər formalaşmağa başlayıb, keçid dövrünün mürəkkəb ictimai-siyasi reallıqları isə bu prosesə həm tematik, həm də estetik baxımdan ciddi təsir göstərib. Məruzəçinin sözlərinə görə, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində milli ədəbiyyat müstəqillik ideyasını bədii düşüncə və poetik sistem səviyyəsində ifadə etməyə başlayıb.
Elnarə Akimova bildirib ki, bu mərhələdə türkçülük ideyalarının güclənməsi milli kimlik və mədəni yaddaşın ədəbi mətndə yeni semantik qatlar qazanmasına şərait yaradıb. O vurğulayıb ki, müstəqillik dövrü ədəbiyyatı milli və qlobal bədii düşüncənin qarşılıqlı təsiri fonunda formalaşır. Bu baxımdan postmodernizm cərəyanının ədəbi prosesə daxil olması diqqətçəkən məqamlardandır. Məruzədə postmodernizmin qlobal miqyasda mədəni və mənəvi böhranların məhsulu olduğu, klassik mətn strukturlarını yenidən düşünməyə və mətnlərarası münasibətləri ön plana çıxarmağa yönəldiyi qeyd olunub.
Məruzəçi sovet ideoloji sistemi dövründə Azərbaycan ədəbiyyatının bir sıra dünya ədəbi mərhələlərindən kənarda qaldığını xatırladaraq, müstəqillik illərində bu estetik boşluqların müxtəlif istiqamətlərdə doldurulduğunu bildirib. Bu proses fonunda bəzi əsərlərdə milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən yanaşmaların meydana çıxdığı, dini və metafizik anlayışlara münasibətdə yeni interpretasiyaların formalaşdığı diqqətə çatdırılıb.
Çıxışda həmçinin müasir Azərbaycan ədəbiyyatında özgələşmə probleminin aktuallaşdığı vurğulanıb. Qeyd olunub ki, bu tendensiya təkcə insanın cəmiyyətə deyil, eyni zamanda öz daxili aləminə və mənəvi dəyərlərə münasibətində də özünü göstərir və müasir bədii düşüncənin əsas istiqamətlərindən biri kimi ədəbi mətnlərdə müxtəlif formalarda əks olunur.
Sonda mövzu ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az







