“SABAH” IV karyera qış məktəbinin təlimlərinə başlanılıb

“SABAH” IV karyera qış məktəbinin təlimlərinə başlanılıb “SABAH” Karyera Akademiyası çərçivəsində Şamaxıda “SABAH” IV karyera qış məktəbinin təlimlərinə başlanılıb.
Karyera qış məktəbində 76 tələbə iştirak edir. Üç gün ərzində tələbələr karyera istiqamətləri üzrə müxtəlif təlimlərdə iştirak edəcəklər. Təlim və seminarlar işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edir.
“SABAH” Karyera Akademiyasının tərəfdaş şirkət və qurumlarının (ATL Tech, Kapital Bank, Rabitə Bank, GoldenPay və s.) peşəkar əməkdaşları tərəfindən tələbələrə “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum, yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Layihələrin idarə olunması” və digər istiqamətlər üzrə təlimlər keçirilib. Habelə ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzularında seminarlar keçiriləcək.
Karyera qış məktəbi çərçivəsində, həmçinin ali təhsil müəssisələrində “SABAH” Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi” və “Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzularında seminarlar təşkil olunur.
Xatırladaq ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2 min 400-dən çox tələbəni əhatə edir.
“SABAH” Karyera Akademiyası məzun olmağa hazırlaşan “SABAH” tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə 2017-ci ildə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər