SABAH qruplarının tələbələri BŞTİ-də təcrübə keçəcək

SABAH qruplarının tələbələri BŞTİ-də təcrübə keçəcək Müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələrinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə keçmələri üçün şərait yaradılıb.
Təcrübə proqramının məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Görüşdə İdarənin müvafiq struktur bölmə rəhbərləri və təcrübə proqramına qatılacaq SABAH qruplarının tələbələri iştirak ediblər.
Görüşdə gənclərə təcrübə proqramı barədə müvafiq tövsiyələr verilib, onlara öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirmək baxımından əlverişli şərait yaradılacağı nəzərə çatdırılıb və uğurlar arzulanıb.
Qeyd edək ki, SABAH qruplarında təhsil alan 17 tələbə iyulun 16-da başlayan proqram çərçivəsində BŞTİ-də 1 ay təcrübə keçmək imkanı qazanmaqla, nəzəri biliklərini real iş şəraitində tətbiq edə biləcəklər. Onlar kommunikasiya sahəsində bacarıqlarını inkişaf etdirmək, müxtəlif tədbirlərdə iştirak etmək və kollektiv fəaliyyət vərdişlərinə yiyələnmək imkanı əldə edəcəklər.
Bunun üçün öncədən BŞTİ-nin struktur bölmələrində mövcud imkanlar araşdırılıb, tələbələrin ali təhsil aldıqları ixtisaslar üzrə təcrübə keçmələrinə önəm verilib.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

Kəmalə Rəhimli



Oxşar xəbərlər