İslamşünas kadrların hazırlanmasında İlahiyyat İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib

İslamşünas kadrların hazırlanmasında İlahiyyat İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təsis edilməsinin ikinci ilinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov institutun Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edildiyini xatırladıb. Bildirib ki, institut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrlar hazırlanması məqsədilə yaradılıb.
Azərbaycanda nümunəvi dövlət-din münasibətlərindən bəhs edən C.Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, birinci xanım Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Rektor deyib ki, institutun yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir. O, ötən iki il ərzində institutun gördüyü işlər, həyata keçirdiyi fəaliyyət istiqamətləri, həmçinin hədəfləri haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu qarşısına bir sıra məqsəd və hədəflər qoyub. Müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislər yetişdirilməsi başlıca vəzifələrdəndir: “Belə mütəxəssislər yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz – gələcəyin ilahiyyatçıları dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik peşəkar mütəxəssislər olsun”.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslərin fonunda bu qərarın doğru və yerində olduğunu vurğulayıb. Hazırda dini təhsil almış insanlara ehtiyac olduğunu deyən F.Nurullayev institutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrlar hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib. O, cəmiyyətdə institutun kifayət qədər tanındığını və bu ali məktəb haqqında müsbət fikirlər olduğunu bildirib. Regionda dini təhsil verən kifayət qədər müəssisələrin olduğunu vurğulayan sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun bu rəqabət mühitində öz sözünü layiqincə deyəcəyinə ümidvar olduğunu deyib.
Sədr müavini bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının bariz göstəricisidir.

Tehsil-press.az

Oxşar xəbərlər