Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev imtahan sessiyasını əlaçı olaraq bitirən yüksək ballı tələbələrlə görüşüb. Görüşdə BDU-nun prorektorları, rektor müşavirləri, dekan müavinləri və tələbələr iştirak ediblər. BDU-nun rektoru Elçin Babayev payız semestrini uğurla başa vuran əlaçı tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Rektor BDU-nun 100 illik yubiley mərasimində cənab Prezident İlham Əliyevin çıxışının Universitetin fəaliyyət planında öz əksini tapdığını xüsusi qeyd edib. “BDU-nun əlaçı tələbəsi olmaq özü bir şərəfdir. Həmin tələbələri fərqləndirmək lazımdır ki, digər tələbələrə də sitimul olsun” - deyən rektor tələbələri elm, təhsil və sosial fəaliyyətin daha da fəallaşdırılması üçün elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr və sərgilərdə Universiteti yüksək səviyyədə təmsil etməyə çağırıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışıb. Görüşdə təhsillə paralel olaraq tələbələrin sosial həyatının daha da yaxşılaşdırılıması məqsədilə yaradılan Mədəniyyət-yaradıcılıq və İdman-Sağlamlıq Mərkəzlərinin fəaliyyət istiqamətləri barədə də danışıb. Rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə çıxışında tələbələrin vətəndaş kimi formalaşmasında elm və təhsilin rolundan bəhs edib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, təklifləri dinlənib. Rektora onlara göstərdiyi diqqətə görə təşəkkür edən tələbələr bu kimi görüşlərin onların gələcək uğurları üçün stimul olduğunu bildiriblər.
Tehsil-press.az
Tehsil-press.az