Mütəxəssis: İctimai nəqliyyatda insanlar qoruyucu vasitələrdən daha ciddi şəkildə istifadə etməlidirlər

Mütəxəssis: İctimai nəqliyyatda insanlar qoruyucu vasitələrdən daha ciddi şəkildə istifadə etməlidirlər İctimai nəqliyyatda koronavirus xəstəliyinin yayılma imkanlarının geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi şəkildə istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.
Bunu Tehsil-press.az-a "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, vətəndaşlar bacardıqları qədər insanların kütləvi toplaşdığı ərazilərdə olmasınlar, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməsinlər və ictimai nəqliyyatdan istifadə edərkən, mağazalarda alış-veriş edərkən isə özlərini daha etibarlı qorusunlar.
Y.Abdiyeva valideynlərə ehtiyac olmadığı təqdirdə övladlarını özləri ilə harasa aparmamağı tövsiyə edib.
Hazırkı məhdudlaşdırıcı tədbirlərin yalnız insanların sağlamlığının təmini üçün tətbiq edildiyini nəzərə çatdıran mütəxəssis insanları panikaya düşməməyə çağırıb.
Y.Abdiyeva koronavirusdan qorunmaq üçün tibbi maskalardan ümumi istifadə qaydalarına əməl edilməsinin vacibliyini də diqqətə çatdırıb.
O əlavə edib ki, maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalı, maska çıxarıldıqdan sonra əllər spirtlə təmizlənməli və ya sabun və su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər