Nizami muzeyinə 5 dildə videoekskursiyalar

Nizami muzeyinə 5 dildə videoekskursiyalar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi onillərdir ki, yerli və xarici qonaqlarına Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tarixi, parlaq nailiyyətləri, misilsiz simaları, nadir inciləri haqqında müxtəlif dillərdə məlumat verir. Adətən Nizami muzeyinin zalları turistlər və ölkə vətəndaşları ilə dolu olur. İllərdən bəri toplanan “Rəylər kitabı”nda əksini tapmış fikirlər Azərbaycan mədəniyyəti və ədəbiyyatının Nizami muzeyində təqdiminə tamaşaçı marağının bariz göstəricisidir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Tehsil-press.az-a bildirilib ki, pandemiya elan edilən Covid-19 virusunun yayılması səbəbindən Nizami muzeyi də ənənəvi iş rejimindən çıxaraq xüsusi karantin rejimində fəaliyyət göstərir. Bunun üçün muzeydə insanlarla təmasları qiyabi olsa da, mütəmadi şəkildə davam etdirə bilmək üçün bir sıra yeni layihələr həyata keçilir. Həmin layihələr arasında ən diqqətçəkənlərindən biri də “Nizami muzeyinin zallarına videoekskursiyalar” adlanır. Bu layihənin sayəsində indi istər yerli, istərsə də xarici vətəndaşlar evlərində qalaraq Nizami muzeyini təcrübəli bələdçilərin müşayiəti ilə gəzmək imkanı qazanıblar. 5 dildə – Azərbaycanca, ingiliscə, rusca, farsca və ərəbcə təcrübəli bələdçilərin söhbətlərini dinləyən tamaşaçılar sanki bir-bir muzeyin zallarından keçir, ayrı-ayrı eksponatların qarşısında dayanmış olurlar. Muzey bələdçisinin söhbətinə uyğun olaraq kamera müəyyən eksponatlara tuşlanır, tarix yadigarı olan ayrı-ayrı əlyazmalar, arxeologiya nümunələri, miniatürlər, xalçalar, memarlıq abidələrinin maketləri maraqlı söhbətləri bir az da məzmunlu və cəlbedici səviyyəyə gətirir.
Videoekskursiyaları izləyənlər Azərbaycanın qədim mədəniyyət beşiyi Qarabağda yerləşən Azıx mağarasından başlayaraq, III-VII əsrlərə aid maddi mədəniyyət nümunələri, Dədə-Qorqud dövrünün arxeologiyası, coğrafiyası, musiqi mədəniyyəti, IX-XIII əsrlər Azərbaycan ədəbiyyatının və fəlsəfi fikrinin yüksəlişini göstərən rəsm əsərləri, qədim kitablar, dekorativ-tətbiqi sənət nümunələri haqqında, orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa klassiklər barədə geniş məlumatlar əldə edə bilərlər. Videosəyahətlər ədəbiyyatı sevən insanlardan əlavə muzeyin daimi qonağı olan orta məktəb şagirdləri üçün də xüsusi əhəmiyyət daşıyır. İndi distant təhsil elementlərinin getdikcə daha artıq tətbiq edildiyi dönəmdə Nizami muzeyinin bu layihəsi videoeksursiyaların da tədris prosesində istifadəsinə əlavə bir köməkdir. Muzeyin “Youtube” kanalında (https://www.youtube.com/channel/UCaYj-lMlJErvinNzah9akhA ) və rəsmi veb-saytında (https://nizamimuseum.az/az/home) yerləşdirilmiş videoekskursiyalar tamaşa edənlərin bütün bunları rahat seyr edib qavramasından ötrü ayrı-ayrı hissələrə bölünmüşdür. Hər zal, hər böyük ədəbi şəxsiyyət, bəzən isə zəngin tarixi olan hansısa qiymətli eksponat ayrıca bir süjetdə təqdim edilir. Bu da qeyd edilməlidir ki, ana dilimizdən savayı daha 4 dildə aparılan bu videoekskursiyalarda klassiklərimizin əsərlərinin ingilis, rus, fars, ərəb dillərinə ən uğurlu tərcümələrindən də hissələr yer alır.
Muzeyin elektron poçtuna Azərbaycandan və xarici ölkələrdən daxil olan rəylər videoekskursiyalar layihəsinin artıq qısa zamanda tamaşaçı rəğbəti qazanmasının göstəricisidir.

Tehsil-press.az

Oxşar xəbərlər